İyulun 20-dən Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilmiş Qafqaz
Universiteti ilə bağlı gözlənilməz qərar verilib: Azərbaycan Texniki
Universitetin rektoru, professor Havar Məmmədov Qafqaz Universitetinin yeni
rektoru təyin edilib.
Məlumata görə, Havar Məmmədov artıq bu gün Qafqaz
Universitetinin kollektivinə təqdim edilib.
Ancaq digər məlumata görə,
Qafqaz Universiteti ilə bağlı yayılan bu məlumatlar məsələnin yalnız üzdə
görünən tərəfləridir.
Gerçəkdə isə Qafqaz Universiteti ilə bağlı qeyri-müəyyən durum davam edir və
hökumət hələlik açıqlamaq istəmədiyimiz səbəbdən məsələ ilə bağlı konkret qərar
verməkdə çətinlik çəkir.
Bizə çatan məlumatlara görə, hökumətdə ilkin rəy və hazırlıqlar Qafqaz
Universitetinin SOCAR-ın tabeçiliyindəki BANM-dən çıxarılması və yeni bir ali
məktəb kimi fəaliyyət göstərməsi istiqamətində olub. Ancaq informasiyanın
mediaya sızması və bu mövzuda tərəflərin bir-birini ittiham etməsi vəziyyəti
kökündən dəyişib. Dünən – avqustun 30-da isə belə qərar verilib ki, hələlik
Qafqaz Universiteti SOCAR-ın himayəsində saxlanılsın və gələcəkdə situasiyaya
uyğun da hərəkət edilsin…
Məsələnin daha maraqlı və həm də bir çox proseslərə işıq salan tərəfi isə,
şübhəsiz ki, Qafqaz Universitetinə yeni rektor təyinatıyla bağlıdır.
Xatırladaq ki, yeni rektoru – professor Havar Məmmədovu dövlət
universitetindən, yəni, Texniki Universitetdən ayırıb Qafqaz Universitetinə
təyin ediblər.
Bu, həmin Havar Məmmədovdur ki, xeyli vaxtdır Təhsil naziri Mikayıl Cabbarov
onu vəzifəsindən uzqlaşdırmağa çalışsa da, buna müvəffəq ola bilmirdi. Hətta bu
il iyulun 5-də təhsil naziri "Təhsil müəssisələrində hazırlanan tədris
vəsaitlərində plagiat halları ilə mübarizənin gücləndirilməsi haqqında” 464
saylı əmrlə ona rəsmi şəkildə xəbərdarlıq da etmişdi. Həmin xəbərdarlıqda elə
beləcə də yazılmışdı: "… Azərbaycan Texniki Universitetində hazırlanan tədris
vəsaitlərində plagiat hallarına dəfələrlə (!!!-red.) yol verildiyinə və belə
halların qarşısının alınması üçün ciddi tədbirlərin görülmədiyinə görə rektor,
professor Havar Məmmədova xəbərdarlıq edilsin…”.
İndi nazirin cəzalandırdığı rektorun Qafqaz Universitetinin rəhbərliyinə
gətirilməsi, həqiqətən, maraqlı və düşündürücüdür: professor Havar Məmmədov
"vuruldu”, yoxsa gənc Təhsil nazirinin nüfuz edə bilmədiyi başqa məkana
göndərildi? Əcəba, Azərbaycan təhslilində nələr baş verir?! Axı haçanadək
ölkənin strateji bir sahəsində kadrlararsı münasibət, qrup savaşı, kimin kimdən
xoşunun gəlib-gəlməməsi əsas meyar olacaq?!
Yeri gəlmişkən, elə həmin yazımızda vurğulamışdıq ki, ali məktəb dəhlizlərində
Texniki Universitetlə Memarlıq və İnşaat Universitetinin birləşdiriləcəyi, ora
rektor kimi elə Havar Məmmədova xəbərdarlıq edilməsi üçün təqdimat vermiş
Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub
Piriyevin gətiriləcəyi söylənilir.
Məlumat üçün bildirək ki, Yaqub Piriyev son günlər məlum "Gülən qalmaqalı” ilə
bağlı adı tez-tez mediada hallandırılan PA-nın Siyasi Təhlil və İnformasiya
Təminatı şöbəsinin müdiri Elnur Aslanovun dopdoğmaca bacanağıdır; Təhsil
nazirinin müavini Ceyhun Bayramov isə yenə də son günlər "Gülən qalmaqalı” ilə
bağlı adı gündəmə gələn Elşad İskəndərovun yeznəsidir…
Belə görünür ki, təhsil sektorunda gənc Təhsil nazirimizin bu "yeni komandası”
ilə "köhnə qvardiya”nın çəkişməsi Qafqaz Universitetinin taleyinə də hələ uzun
müddət təsir göstərən əsas amil olacaq./strateq.az
7News.az








