Azərbaycan Dillər Universitetində (ADU) Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyi tərəfindən "Enerji İnnovasiyaları: İqlim Dəyişkənliyinə Dair Yeni Yanaşma” layihəsi çərçivəsində tələbələr üçün maarifləndirici tədbir keçirilib. Layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Tədbiri Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyinin sədri Qəmzə Yusubova açaraq layihənin məqsədləri, ekoloji təşəbbüslərin mahiyyəti və gözlənilən nəticələri barədə ətraflı məlumat verib.
ADU-nun Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin dekan müavini, dosent Namiq Kərimov çıxış edərək tələbələr arasında alternativ enerji mənbələri barədə biliklərin artırılmasının, iqlim dəyişkənliyi mövzusunda məlumatlılığın və bu biliklərin praktik istifadəsi yollarının əhəmiyyətindən danışıb.
Daha sonra layihənin eksperti, alim Rasim Məmmədov çıxış edərək enerji innovasiyaları sahəsindəki təcrübələrini, eləcə də yeni elmi məqalə və araşdırmalarını tələbələrlə bölüşüb.
Görüş çərçivəsində Rəvan Cəfərlinin təlimçiliyi ilə nəzərdə tutulmuş praktiki təlim də həyata keçirilib.
Tədbirin əsas məqsədi iqlim dəyişkənliyi ilə mübarizədə enerji innovasiyalarını və ekoloji islahatları birləşdirərək sahibkarlıq mühitində dayanıqlı inkişafı təşviq etmək olub. Layihə, həmçinin kənd təsərrüfatı və sənaye sahələrində, eləcə də gənclər arasında bərpa olunan enerji mənbələrindən istifadənin artırılmasını dəstəkləyərək iqlim dəyişiklikləri ilə mübarizəni gücləndirməyi hədəfləyir.
Görüş zamanı qeyd olunub ki, layihənin nəticəsi olaraq enerji səmərəliliyinin artırılması, gənclərin iqlim çağırışlarına innovativ həllər təklif etməsi və ekoloji düşüncənin gücləndirilməsi gözlənilir. Ümumi məqsəd dayanıqlı və ekoloji cəhətdən təmiz iqtisadiyyatın inkişafına töhfə verməkdir.
Tədbirin sonunda layihə çərçivəsində hazırlanan "Azərbaycanda Yaşıl İqtisadiyyat: İqlim Dəyişkənliyinə Dair Yeni Yanaşmalar” adlı kitabça iştirakçılara təqdim edilib.











