Erməni hüquq müdafiəçisi: `Sarkisyan prezident deyil, işğalçıdır`
"Bakıya ötən gün gəlmişəm. Bura gəlmək üçün çətin yol qət etmişəm. Bilərəkdən bu addımı atmışam”. 7News.Az xəbər verir ki, bunu Bakıda keçirilən mətbuat konfransında erməni hüquq müdafiəçisi "Meridian” qeyri-hökumət təşkilatının sədri Suzanna Caqinyan deyib.
Erməni hüquq müdafiəçisi çıxışında bildirib ki, artıq Dağlıq Qarabağ münaqişənin həlli vaxtı çatıb: "Mənim kimi düşünən ermənilər hesab edirlər ki, artıq Qarabağ münaqişəsinin həllinin vaxtı yetişib. Qarabağda erməni və azərbaycanlı uşaqların ölümü mənə pis təsir edir. Hər bir ölümə görə ağlayıram.
Mən Azərbaycan prezidenti İlham Əliyevə müraciət edərək ondan bu münaqişənin həll olunmasını xahiş edirəm. Düşünürəm ki, mənim burda olduğuma görə prezident Serj Sarkisyan utandığından ölməlidir. O, prezident deyil, işğalçıdır”.
Suzanna Caqinyan vurğulayıb ki, Ermənistan rəhbərliyi öz xalqına qarşı soyqırım törədir: "Mən bu gün Ermənistan vətəndaşı deyiləm. Mənim şəxsiyyət vəsiqəmin vaxtı bitib. Həyatım üçün həmişə təhlükə var. Lakin mən tək deyiləm. Sarkisyan rekiminə qarşı dura biləcək istənilən şəxsin həyatına təhlükə var”.