Ermənilər işğal altındakı Cəbrayıl rayonunun Araz sahilindəki "Araksavan” kəndinin yaxınlığında Exeg adlı yeni kənd salırlar.
Moderator.az-ın erməni mediasına istinadla verdiyi xəbərdə belə deyilir.
"ArtsaxTV”-nin yayımladığı reportajda yeni yaşayış məntəqəsinin işğalçı erməni ordusu veteranının təşəbbüsü ilə salındığı vurğulanır. Qarabağın işğal edilməsinin iştirakçısı, "azatarmatik”(erməni fədaisi) Ayk Avakyan sözügedən ərazidə artıq bir neçə ildir ki, yaşayır. O deyir ki, aprel döyüşləri zamanı da "Artsax”ın müdafiəçilərinə qoşularaq Azərbaycana qarşı döyüşüb. İşğalçı veteranın təsərrüfatında 26 qaramal var. Xankəndidəki separatçı-terrorçu rejim A.Avakyana mütəmadi dəstək verir. Bu yaxınlarda rejim rəhbəri Bako Saakyan erməni veterana traktor bağışlayıb. O, indiyədək həyətyanı sahəsində 500 meyvə ağacı əkib. Su təchizatı və rabitə məsələləri öz həllini tapıb. Elektrik kəsintisi zamanı isə veteranın oğlunun quraşdırdığı günəş batareyalarından istifadə edilir. Hazırda A.Avakyanın evinin yanında daha iki ev tikilir.
Qeyd edək ki, Araz sahilində olan "Araksavan” kəndinin əsl adının nə olduğunu dəqiqləşdirə bilmədik. Ermənistan ərazisində də eyni adlı kənd var. Bu isə 1978-ci ildən "Araksavan” adlandırılmış və Azərbaycan türklərinə məxsus olmuş Qəmərli kəndidir.
Xatırladaq ki, dekabrın sonunda erməni KİV-də Amerikanın Erməni Təşkilatı (ASAA) "Tufenkyan” fondunun yardımı ilə Cəbrayılda Araz yaxınlığında Aracamuq adlı yeni kəndin salınması barədə xəbərlər yayılmışdı.
7news.Az








