Azər Verdiyev: "Ermənistanda baş verən proseslər ümumilikdə bu ölkənin siyasi mənzərəsinin təsviridir"
"Əgər müharibə versiyası gündəmə gəlsə Azərbaycan bir ayın içində Ermənistanı düzəngaha çevirəcək "
Ermənistanda hər ötən gün ictimai-siyasi vəziyyət daha da gərgin xarakter alır. Artıq paytaxt İrəvanda prezident Serj Sərkisyanın istefası açıq şəkildə tələb olunur. Bu arada Ermənistanda daxili ictimai-siyasi vəziyyətin gərginləşdiyini nəzərə alan bəzi ekspertlər bu səbəbdən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinin yenidən dalana dirənəcəyini bildirirlər. Eyni zamanda o da qeyd olunur ki, əslində Ermənistanda baş verənlər prezident Serj Sərkisyan tərəfindən hazırlanmış bir siyasi şoudur. Əsas məqsəd məhz Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesinə mane olmaqdır? Elə Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Analitik Təhlil Mərkəzinin sədri, siyasi ekspert Azər Verdiyev də bu qənaətdədir. Azər Verdiyev Ermənistanda cərəyan edən proseslərin Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesinə mümkün təsirləri, eləcə də yaranacaq situasiyaya müvafiq olaraq atılması vacib olan addımlar barədə danışıb.
-Azər bəy, Ermənistanda cərəyan edən prosesləri necə dəyərləndirirsiniz və sizcə bunun sonucu nə ilə nəticələnəcək?
-Ermənistanda baş verən proseslər ümumilikdə bu ölkənin siyasi mənzərəsinin təsviridir. Ölkə son 20 ildə həm iqtisadi, həm də siyasi deqredasiyaya məruz qalıb. Əhalinin yaşayış səviyyəsi bir neçə dəfə aşağı düşüb. Ölkədə ciddi şəkildə demoqrafik böhran yaşanır. Belə olan təqdirdə ermənilərin öz ağalarına qarşı çıxmaları tamamilə notmaldır
-Əksəriyyət iddia edir ki, bütün bunlar prezident Serj Sərkisyanın hazırladığı siyasi şoudur və məqsəd Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesinə mane olmaqdır. Siz bu barədə nə düşünürsünüz?
-Yaxın tarixə nəzər salsaq görərik ki, Ermənistan hakimiyyəti zaman-zaman diqqəti özünə çəkmək üçün müxtəlif təxribatyönülmü addımlar atıb. Buna dünya ictimaiyyətinin də gözü öyrəşib. Bu mənada bəzi politoloqlar hesab edirlər ki, bu sadəcə olaraq bir şoudur. Bu hardasa mümkün ehtimaldır. Lakin indiki şərtlərdə hesab edirəm ki, ermənilər dilənçi vəziyyətindən çıxmaq qərarına gəliblər.
-Bu arada iyul ayında Azərbaycan və Ermənistan prezidentlərinin Fransanın paytaxtı Paris şəhərində görüşəcəyi bildirilirdi. Artıq iyul ayı başa çatmaq üzrədir. Belə nəticəyə gəlmək olarmı ki, danışıqlar növbətə dəfə dalana dirənib?
-Dağlıq Qarabağ problemninin həlli istiqamətində aparılan danışıqlarla bağlı proses Azərbaycan höküməti tərəfindən hər zaman dəstəklənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konkret mövqe ortaya qoyub. Eyni zamanda ATƏT-in Minsk qrupunun həmsədr ölkələri, həmçinin politoloqlar hesab edirlər ki, Azərbaycan tərəfinin irəli sürdüyü şərtlər kifayət qədər ədalətli və mümkündür. Hər danışıqlar öncəsi və ya danışıqlardan sonra erməni bir qayda olaraq tərəfi təxribata əl atır. Ümumi razılığa gəlinən zaman bütün tərəfləri qane etməyən tələblər irəli sürürlər. Bu da təbii ki, sonunda Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesini dalana dirəyir.
-Belə bir vəziyyət regionda yenidən müharibə riskini nə dərəcədə artırır?
- Biz hər zaman demişik. Əgər torpaqlarımız danışıqlar yolu ilə azad olmasa, hərbi yolla biz öz torpaqlarımızı azad edəcəyik. Bu mənada müharibə variantı hər zaman aktualdır. O da həqiqətdir ki, Azərbaycan hərbi büdcəsi Ermənistanın ümumi büdcəsindən çoxdur. Bunu düşmən tərəfi də çox gözəl dərk edir. Son aprel hadisləri bunu bir daha sübut etmiş oldu. Bu mənada müharibə riski hər zaman var.
- Əgər bu baş verərsə Ermənistan üçün hansı nəticələr doğura bilər?
-Sülh danışıqları Ermənistanın yeganə çıxış yoludur. Vəziyyətin bu formada davam etməsi Ermənistanı dünyadan tədric edib. İqtisadi blokada və siyasi uğursuzluq bu ölkəni məhv edəcək. Əgər müharibə versiyası gündəmə gəlsə Azərbaycan bir ayın içində Ermənistanı düzəngaha çevirəcək./olaylar.az
7News.Az








