RU
Ermənilər kəndlilərə göz verir, işıq vermir - VİDEO
10:36
603

Ermənilər kəndlilərə göz verir, işıq vermir - VİDEO

Atılan mərmilərdən biri erməni əsirliyində olan Şahbaz Quliyevin evinə dəyib

Son bir həftədir Ermənistan silahlı birləşmələri cəbhədə vəziyyəti gərginləşdirməyə çalışır. Qarşı tərəf avtomat və pulemyotlarla yanaşı minatanlardan da istifadə edir. Cəbhədə vəziyyətin gərginləşməsi isə əsas dolanışığı maldarlıq və əkinçilik olan kənd sakinlərinin təsərrüfatda işləməsinə mane olur.

Qarşı tərəfin mövqelərindən 200 metrlik məsafədə yerləşən Tərtərin Qapanlı kəndi də intensiv atəşə məruz qalan yaşayış məntəqələrindəndir. Kənd ən son iki gün əvvəl iriçaplı silahlardan atəşə tutulub. Atılan güllələrdən biri hazırda Ermənistan tərəfinin girov saxladığı Şahbaz Quliyevin evinin dam örtüyünə dəyib. Oğlunun girovluqda olduğunu bu günə qədər də bilməyən Sənəm Quliyeva hadisə baş verən həyətdə olduğunu deyir:

"Mən yıxıldım. Gəlin də burada idi, ona nə olduğundan xəbərim olmadı. Qalxdım gəldim görüm nə olub. Gördüm heç nə yoxdur, ev dağılmayıb. Gəlin gəldi dedi düşüb ora. Çıxdım baxdım ki, aşağı düşməyib, hər nədirsə şiferin altına düşüb".

Kənd sakinləri deyir ki, son bir həftədir qarşı tərəfin atəşkəsi pozması onların həyat şəraitini çətinləşdirib. Gündüz saatlarında açıq sahələrə çıxmaq mümkün olmur. Mal-qaranı otlaq sahəsinə çıxarsalar da, özləri qapalı yerlərdə qorunmaq məcburiyyətindədir. Heyvanlarını otlaq sahəsinə aparan Alim Hüseynov da bir həftə əvvəl yolda qarşı tərəfin atəşinə tuş gəlib. Kənd sakininin sözlərinə görə, yaxınlıqdakı istinad divarının arxasında daldalanaraq ölümdən xilas olub.

"Qoymurlar ki, camaat malını, heyvanını otarsın. Son bir həftədir ki, dinc sakinləri atəşə tuturlar. Yəni su sulayan gecə gedib sulayır, taxıl, çuğundur hamısı gecə sulanır. Gündüz gedərsənsə, bax belə snayperin əlinin altındasan", - Alim Hüseynov belə deyir.

Son həftədə atəşkəsin pozulması halları artsa da, mülkü sakinlər arasında yaralanan olmayıb. Kənd icra nümayəndəliyindən bildiriblər ki, atəşkəsə dair müqavilə imzalanana qədər dinc sakinlər arasında ölən və yaralananların sayı 10 nəfər idisə, atəşkəs dövründə qarşı tərəfin açdığı atəş nəticəsində 17 nəfər yaralanıb, 6 nəfər dünyasını dəyişib.//İstiPress

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ