RU
Ermənilərin ümidi Bakıyadır
16:30
105

Ermənilərin ümidi Bakıyadır

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ikinci üçtərəfli görüşün nəticələri Ermənistanın revanşist, daşnak və millətçi siyasətçilərində matəm ab-havası yaradıb.
 

Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan dünənki görüşü dəyərləndirərkən bildirib ki, Avropa İttifaqı Şurasının yaydığı yekun bəyanat əslində qarabağlı ermənilərin planlarına zərbədir.

"Bəyanatda nə Artsax (ermənilər Qarabağı belə adlandırırlar, - red.) nə onun gələcəyi, nə də statusu barədə bir kəlmə də yoxdur. Sənəddə ATƏT-in Minsk Qrupunun həmsədrləri barədə heç nə deyilməyib. Sənəd Azərbaycanın son addımlarını və əməllərini pisləmir. Bütün bunların əvəzində Ermənistanla Azərbaycanın xarici işlər nazirliklərinə yekun sülh müqaviləsini hazırlamaq tapşırırılıb. Bütün bunların əvəzinə aprelin sonunadək birgə sərhəd komissiyası yaratmaq tövsiyə olunub.

Sənəddə erməni hərbi əsirlər məsələsi itkin düşənlərlə bağlı problemlə bir tutulub. Həmin itkin düşənlər dedikdə çox yəqin Birinci Qarabağ müharibəsində itkin düşmüş Azərbaycan vətəndaşları nəzərdə tutulur.

Sənəddə qoşunların simmetrik olaraq geri çəkilməsi ideyası dəstəklənir ki, bu da Ermənistan üçün çox pis nəticə verəcək".

Siyasi şərhçi Edqar Elbakyan Brüssel görüşünü "siyasi Qərbin təzyiqi nəticəsində erməni milli maraqlarının növbəti dəfn aktı" adlandırıb.

Onun sözlərinə görə, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin bəyanatında qarabağlı ermənilər barədə bir kəlmə də deyilir. ATƏT-in Minsk Qrupunun bəyanatda xatırlanmaması isə faktiki olaraq Minsk Qrupunun buraxılması kimi dəyərləndirilə bilər.

"Qoşunların simmetrik geri çəkilməsi məsələsinə gəldikdə bu, yenə ermənilərin ərazilərinin bir qisminin əlində çıxacağı deməkdir.

Siyasi şərhçi Tiqran Qriqoryan isə hesab edir ki, Brüssel görüşünün nəticələri Ermənistanın növbəti məğlubiyyətidir.

"Ermənistan sərhədin delimitasiyası və demarkasiyasını vasitəçilərin iştirakı ilə yox, Azərbaycanda ikitərəfli qaydada nizamlamağa razılaşdı. Bu, Ermənistan üçün olduqca ağır nəticələr verəcək səhvdir. Ermənistan sülh danışıqlarının ATƏT-in Minsk Qrupu vasitəsilə aparılmasından da faktiki imtina etdi. Uduzduq", - A.Qriqoryan deyib.

... Göründüyü kimi, Brüsseldəki görüş və həmin görüşdən sonra səsləndirilmiş bəyanat Ermənistanın gerçəkdən də, Bakının bütün şərtlərini qəbul etməsidir.

Beləliklə, ermənilərin son 30 ildə əsas  siyasi arqument qismində istifadə etdikləri "millətin öz müqəddəratını təyin etmək hüququ" prinsipi indi Qarabağda yaşayan ermənilərin hüquqlarının təminatı müstəvisinə keçib. Yəni Qərb Azərbaycandan indi Qarabağdakı ermənilərin öz dillərində təhsil almaları, telekanal və radiostansiya ilə təmin olunmaları, mədəni muxtariyyət yaratmaları və s. kimi problemləri həll etməlidir.

Bu isə Rusiyanın sülhməramlı kontingentinin Azərbaycan ərazisində fəaliyyət müddətinin uzadılması məsələsini də gündəmdən çıxarır.

Brüssel görüşü Azərbaycanın növbəti diplomatik uğurudur və Ermənistan Bakının şərtləri, gündəmi formalaşdıran təklifləri əsasında hərəkət etmək məcburiyyətindədir./milli

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ