Aprelin 2-də Ermənistan atəşkəsi kobud surətdə pozaraq, Azərbaycan ordusunun mövqelərini və təmas xətti boyunca mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrini atəşə məruz qoymaqla Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində destruktiv siyasətini bir daha ortaya qoymuş oldu.
7News.Az xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarovun İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının İƏT-in “Ədalət və sülh naminə birlik və həmrəylik” mövzusunda 13-cü Zirvə toplantısına hazırlıq iclasında çıxışı zamanı deyib.
XİN rəhbəri əlavə edib ki, bu təxribat əməlinə Azərbaycan ordusu tərəfindən əks-həmlə ilə adekvat cavab verilib və erməni silahlı qüvvələrinin hücumu dəf edilib:
“Bu gün Ermənistan atəşkəs rejimini pozmaqda davam edir və diqqəti sülh prosesinə lazım olan əsas məsələlərdən yayındırmaqla dünyaya öz əsas niyyətini nümayiş etdirir. Azərbaycan beynəlxalq ictimaiyyəti Ermənistandan Azərbaycan ərazilərinin qeyri-qanuni işğalını dayandırmağı, öz qoşunlarını bütün işğal olunmuş ərazilərdən çıxartmağı və BMT TŞ-in müvafiq qətnamələrinin tələblərinə və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq münaqişənin nizamlanması prosesində konstruktivlik nümayiş etdirməyi tələb etməyə çağırır.
Fürsətdən istifadə edib, İƏT Baş katibinə və üzv dövlətlərə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə verdiyi dəstəyə, həmçinin Ermənistanın təcavüzünü və Azərbaycan torpaqlarının işğal edilməsini qınadığına görə təşəkkürümü çatdırmaq istəyirəm.
Həmçinin, Ermənistanın ölkəmizə qarşı təcavüzünə dair Təmas qrupunun yaradılması barəsində bu konfransın qərarını təqdir etmək istərdim”.
7News.Az








