Bunu Milli.Az-a açıqlamasında siyasi şərhçi Ceyhun Əhmədli deyib.

O bildirib ki, Ermənistan hakimiyyəti üçtərəfli bəyanatlarda nəzərdə tutulan məsələlərin icra edilməsində passivlik nümayiş etdirir:
"Bilirsiniz ki, dünyada əsas gündəm mövzusu Ukrayna məsələsidir və Ermənistan hakimiyyəti də bilir ki, törədəcəyi hərbi-siyasi təxribatlara beynəlxalq miqyasda qınaq obyektinə çevrilməyəcək. Ermənistan hakimiyyəti buna əmindir, ona görə də təxribatların ardı-arası kəsilmir.
Eyni zamanda biz istər kommunikasiyaların açılması, istərsə də sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı hələ ki rəsmi İrəvanın passivliyini müşahidə etməkdəyik. Yəni Ermənistan hakimiyyəti bir növ o fürsətdən istifadə etməyə çalışır. Burada diqqət çəkən digər bir məqam da ondan ibarətdir ki, Ermənistanda radikal müxalif siyasi dairələr, revanşist meylli qüvvələr də son vaxtlar xeyli fəallaşıblar. Onlar yeni bir müharibə çağırışı ilə çıxış edirlər. Xüsusən Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın bu günlərdə verdiyi bəyanatı bu qəbildən olan bir çağırış kimi qiymətləndirə bilərik. Köçəryan açıq şəkildə bildirdi ki, İkinci Qarabağ müharibəsində məğlubiyyətin əvəzini çıxmaq üçün erməni xalqı ciddi şəkildə proseslərə hazırlanmalıdır və yeni bir müharibə də qaşılmaz ola bilər.
Ermənistandakı müxalif siyasi dairələr də hazırda qlobal gündəmin Ukrayna məsələsi ilə məşğul olduğunu nəzərə alıb, bundan bir fürsət kimi istifadə edərək, yenə də revanşist mövqe nümayiş etdirərək bulanıq suda balıq tutmağa çalışırlar. Yəni istər Etmənistan hakimiyyətinin, istərsə də Ermənistandakı müxalif siyasi dairələrin son addımlarını və bəyanatlarını bu cür şərh etmək olar".
7News.Az








