RU
Ermənistan inqilab ərəfəsində
10:30
904

Ermənistan inqilab ərəfəsində

“Ölkədə prezident Sarkisyana heç kim inanmır”

Ermənistanda əvvəlcə "Talana yox", ardınca isə baş verən “su qiyamı” ölkənin tamamilə tənəzzülə uğraması ilə nəticələnib. Hökumətin enerji siyasətinə etiraz edən vətəndaşların uzunmüddətli aksiyası işsizlərin sayının daha artması ilə nəticələnib. İqtisadiyyatı tamamilə iflasa uğrayan Ermənistanda işsizlərin sayı durmadan artmaqdadır. Az əmək haqqı ilə də olsa işləyənlər isə aylarla əmək haqqı ala bilmirlər. Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, ölkədə işsizlərin sayı ciddi şəkildə artıb. Bu ilin ilk 7 ayında işsizliyin səviyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz çoxalıb. Ermənistanda rəsmi qeydiyyata alınan işsizlərin sayı isə 80 min nəfərdən çoxdur. Ölkənin Milli Statistika Xidmətinin Ermənistanda yoxsulluğun mənzərəsi və iş bazarının problemləri üzrə 5 illik araşdırmaların nəticələrinə görə isə, hər 100 işsizdən 40-ı gəncdir. Ümumi işsizlər arasında 20-29 yaşlılar üstünlük təşkil edir. Vəziyyət o yerə çatıb ki, mövsümü iş tapmaq belə müşkülə çevrilib. Fəaliyyət göstərən bir neçə müəssisə isə işçilərinə aylarla əmək haqqı verə bilmir. Bu siyahıda ölkənin ən böyük zavodlarından olan Vandzor Gempromun da adı var. İllərdir ziyanla işləyən müəssisənin əməkdaşlarına 8 aydır ki, maaş verilmir. Lori vilayətinin qubernatoru Artur Nalbandyan da verdiyi sözü tutmayıb. 150 nəfərə yaxın işçi ailəsinə qazanc apara bilmədiyindən çətin günlər yaşayır. Kollektivin keçirdiyi tətillərə, etiraz aksiyalarına isə məhəl qoyan yoxdur. Erməni politoloq Arnold Stepanyan bildirib ki, hakimiyyət bu cür sosial narazılıqlara güc yolu ilə yox, siyasi qərarlarla cavab verməlidir: “Narazılıq elektrik enerjisinin qiymətinə görə yaranıb, hakimiyyət bunu düşündüyü kimi həll etmək istəyir. Amma bunun ortaq yolu tapılmalıdır. Əminəm ki, yekunda kompromis variant tapılacaq”. A.Stepanyan "İrəvanda Ukrayna variantı baş verə bilərmi" sualına isə belə cavab verib: "Mən buna inanmıram. Ukraynadakı vəziyyətlə buradakı vəziyyəti eyniləşdirmək olmaz. Bunlar fərqlədir. Ukraynada siyasi, coğrafi amillər əsas idi. Ermənistanda isə narazılıq sosial problemlərlə bağlıdır. Narazı insanların haqlı tələbləri var və onların həlli üçün hökumət çalışmalıdır. Ukrayna variantı gözlənilən deyil."

Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirli deyib ki, Ermənistanda konstitusiya islahatı həyata keçirməklə bağlı təşəbbüslərə başlanılıb. Konstitusiya islahatının mahiyyəti isə əslində Sarkisyan rejimini qoruyub saxlamaqdan ibarətdir. Onun sözlərinə görə, Sarkisyan rejimi Konstitusiyada dəyişiklik etmək bəhanəsi ilə ölkənin bütün güc strukturlarına öz adamlarını gətirmək niyyətindədir: "Sarkisyan müstəqil ölkənin prezidenti olmadığı kimi, müstəqil siyasət də yürütmək bacarığında deyil. Məlum olduğu kimi, Ermənistan siyasi sistem baxımından prezidentli respublikadır və Ermənistan prezidenti Sarkisyan öz hakimiyyətini qoruyub saxlamaq üçün ölkəni konstitusiya islahatı vasitəsilə parlamentli respublikaya çevirmək istəyir. Sarkisyan bəyan edir ki, parlamentli respublikada nə prezident, nə də baş nazir olmaq fikri yoxdur. Amma erməni siyasətçiləri qeyd edir ki, Sarkisyan spiker olub -olmayacağı haqqında heç nə demir. Parlamentli respublikada spikerin çox geniş səlahiyyətlərinin olması haqqında artıq müəyyən fikirlər səsləndirilir, yəni konstitusiya layihəsində məsələ belə qoyulub. Nəticə etibarilə, Sarkisyan ona nail olmaq istəyir ki, konstitusiya islahatları həyata keçirib ölkəni parlamentli respublika etsin və nəticədə prezidenti xalq deyil, parlament seçsin. Parlamentdə isə saxta seçkilər vasitəsilə hakimiyyəti əldə saxlasın. Yəni, onun partiyası parlamentdə yüksək əksəriyyət təşkil etməklə prezidenti seçsin. Bu zaman prezident Sarkisyanın adamı olur. Əgər özünün də dediyi kimi baş nazir olmaq istəmirsə, o zaman baş naziri də özünə sərfəli adamı seçərək müəyyənləşdirir. Sarkisyan bununla da parlamentdəki üstünlükdən istifadə edərək spiker ola bilər. Hətta özü spiker olmasa belə, hakim partiyanın rəhbəri olaraq öz adamlarını vəzifələrə qoymaqla idarəçiliyi kənardanda da olsa özü idarə edəcək”. Elman Nəsirli onu da vurğulayıb ki, Ermənistanda Sarkisyana heç kim inanmır: "Ölkə iqtisadiyyatının acınacaqlı vəziyyəti isə xalqın getdikcə daha böyük etirazına səbəb olur. Sarkisyanın baş nazir olma iddiasını erməni müxalifəti çox zaman vurğulayır və qeyd edirlər ki, Sarkisyana inanmaq olmaz. Çünki o, 3 il müddətində Avropa İttifaqı ilə assosiativ saziş imzalayacağı ilə bağlı danışıqlar apardı və onları əmin etdi ki, saziş imzalayacaq, hətta bununla bağlı son mərhələdə təbriklər də alırdı. Amma bir gecədə qərarını dəyişdi. Sarkisyan 3 illik danışıqların üstündən bir gecədə xətt çəkdi. Bu insan azad, müstəqil bir dövlətin prezidenti deyil ki, sərbəst qərar qəbul etsin. Ona görə də, onun sözünə inanmaq olmaz, bu erməni müxalifətinin də mövqeyidir. Belə olan təqdirdə Sarkisyan baş nazir olmayacağını desə də, onun baş nazir iştahasının olduğu da heç kəsə sirr deyil. Belə olan halda Ermənistanda hakimiyyətin mahiyyəti dəyişmir, məzmun dəyişikliyi də olmur. Beləliklə də Sarkisyan hakimiyyətini uzatmış olur. Xalq və erməni müxalifəti bunu çox gözəl dərk etdiyindən Ermənistanda etiraz dalğasının artıq getdikcə yeni mərhələsi formalaşmaqdadır. Bu mərhələni gücləndirən amillər sırasında Ermənistanda iqtisadi durumun daha da pisləşməsi və xüsusilə dramın kəskin şəkildə ucuzlaşması əsas təsir edən amillər sırasındadır”./olaylar

7news.az

//

//

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ