Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya səfər edib. Bu səfərdə Azərbaycanı maraqlandıran faktor isə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan müzakirələrdir. 2019-cu ildə Dağlıq Qarabağ probleminin öz həllini tapmasına dair müsbət gözləntilər var. Paşinyan-Putin görüşünün də bu gözləntilərə töhfə verəcəyi istisna olunmur.
Məsələ ilə bağlı Publika.az-a açıqlama verən politoloq Elçin Mirzəbəyli bildirib ki, 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həll olunması məsələsinə dair artıq pozitiv atmosfer yaranıb:

"Eyni zamanda, Azərbaycanın güclü hərbi potensialı Ermənistanın təmsil olunduğu qurumlarda belə ona təsir etmək imkanları genişlənib. Bununla yanaşı, Azərbaycan-Rusiya münasibətlərində kifayət qədər ciddi inkişaf var. Bu inkişaf qabarıq şəkildə nəzərə çarpmaqdadır. Qənaətim görə, Rusiya-Azərbaycan münasibətləri hazırda özünün ən yaxşı dövrünü yaşayır. Rusiya münaqişənin həlli üçün açar ölkə rolunu oynayır. Güman ki, proseslərdə onun oynayacağı aktiv rol münaqişənin ədalətli həllinə öz təsirini göstərəcək. Amma indiki halda, Nikol Paşinyanın Vladimir Putinlə müzakirə edəcəyi məsələlərin sırası kifayət qədərdir. Ermənistanda enerji ilə bağlı ciddi problemlər var. Ən azından qışdan yaza çıxmaq üçün erməni xalqının enerjiyə ehtiyacı var. İqtisadi problemlərin sayı kifayət qədərdir. Sosial problemlər ən böhranlı dövrünü yaşayır. Bütün bu problemlərin kökündən həll olunması üçünsə Dağlıq Qarabağ münaqişəsinin öz həllini tapmalıdır.
Ümumi atmosfer ondan ibarətdir ki, münaqişənin həlli üçün ciddi imkanlar yaranıb. Və bu imkanlardan, ilk növbədə, Ermənistan özü faydalanmalıdır. Çünki nəticə etibarilə bu, Ermənistanın xilası deməkdir. Həm dövlət olaraq, həm də özünün mövcudluğunun qorunması üçün. Düşünürəm ki, Rusiya tərəfi münaqişənin həllinin nə dərəcədə vacib olmasını Paşinyana çatdıracaq”./publika
7News.Az








