Türkiyən Xarici İşlər Nazirliyi tərəfindən Ermənistan Xarici İşlər Nazirliyinin 15 iyul tarixli ittiham dolu bəyanatına cavab verilib.
7News.Az xəbər verir ki, bəyanatda Ermənistanın Azərbaycana qarşı təcavüzkar fəaliyyətlərini gizlətmək üçün indi də Türkiyəyə qarşı qaralama kampaniyası apardığı vurğulanıb:
"Azərbaycan torpaqlarında illərlə qeyri-qanuni bir işğal prosesini həyata keçirən Ermənistanın bu ikiüzlü davranışı, Cənubi Qafqazda daimi sülh və stabilliyin bərqərar olmasının qarşısındakı əsas maneənin kim olduğunu açıq şəkildə sübut edir. Kontekstdən kənar bu tip ittihamlar və böhtanlarla xarici siyasət həyata keçirmək nə bölgəyə, nə də Ermənistana fayda verər. Bu yanaşma şəxsiyyətini təktərəfli bir tarix anlayışından sadəcə polemika yaradaraq formalaşdıran və beynəlxalq hüquqa zidd təcavüzkarlığını qanuni göstərməyə çalışan bir zehniyyətin təzahürüdür. Ermənistan rəsmilərinin ağıllarını başlarına alması və Cənubi Qafqazda problemlərin deyil, həll yollarının bir parçası olmağı qısa zamanda öyrənmələri vacibdir”.








