Hakimiyyət ordudakı itkilər barədə informasiyaları gizli saxlayır
Sosial-iqtisadi sahədə üzləşdiyi problemlərin getdikcə dərinləşməsi müşahidə olunan Ermənistanda fəaliyyət göstərən azsaylı müəssisələr və digər bu qəbildən olan iş yerlərinin çoxu bağlanmağa başlayıb. Buna əsas səbəb həmin iş yerlərinin rentabelliyinin aşağı düşməsi, istehsal etdiyi məhsullara ölkə daxilində və xaricində heç bir tələb olmamasıdır. Bu vəziyyət isə orada çalışanların aylardır məvacib almaması ilə müşayiət edilir.
Qeyd edilənlərə konkret misal kimi "Vanadzor kimya sənaye" zavodunu göstərmək olar. Bu zavodun işçiləri Lori vilayətinin administrasiyası qarşısında etiraz aksiyası keçiriblər. İşçilər 9-10 aydır ödənilməyən əməkhaqlarının verilməsini tələb ediblər. Lori vilayətinin qubernatoru Artur Nalbandyan etirazçılarla görüşərək onlara yardım edə bilməyəcəyini söyləyib. Qubernatorun cavabından sonra aksiya iştirakçıları beynəlxalq əhəmiyyətli Vanadzor-Alaverdi avtomobil yolunu kəsiblər. Polis onlara mane olmağa çalışıb. Bu zaman hətta qarşıdurma da yaranıb. Qeyd edək ki, zavod işçiləri bir ay öncə də eyni tələblərlə etiraz aksiyası keçirmişdilər. Lakin hələ də nəticə yoxdur. Ümumiyyətlə,
Ermənistanda zavod və fabriklərin, demək olar ki, hamısı analoji vəziyyətdədir.
İxracatın azalması ölkədə kiçik və orta sahibkarlığı müflis vəziyyətinə salıb. Xaricdən asılılıq isə daha kritik stiuasiyanın yaranması ilə müşayiət olunur. Rusiyada və başqa dövlətlərdə yaşayan ermənilərin ölkələrinə daha az pul göndərməsi iqtisadi durumu daha da pisləşdirir. Təbii ki, bütün bunlar hakimiyyətə qarşı narazılıqları artırır.
Hazırda keçirilən aksiyaların əsas təşkilatçısı olan "Ayağa qalx, Ermənistan" vətəndaş təşəbbüsü qrupu müxalifəti də onlara qoşulmağa çağırıb. Onlar eyni zamanda Serj Sarkisyan iqtidarının başağırısına çevrilən əsgər analarından da dəstək almağa çalışırlar.
Yeri gəlmişkən qeyd edək ki, son günlərdə həlak olan erməni əsgərlərin sayının sürətlə artması da Yerevan üçün əlavə problemə çevrilib. Xatırladaq ki, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində döyüşlər zamanı qarşı tərəf xeyli itki verib. Ermənistan Müdafiə Nazirliyi etiraf edir ki, belə döyüşlərin birində müqavilə əsasında xidmət edən hərbi qulluqçular Marat Xaçatryan və Arman Stepanyan ağır güllə yarası alaraq yerindəcə ölüblər. Ermənistan Müdafiə Nazirliyi 1996-cı il təvəllüdlü əsgər Narek Arutyunyanın da döyüş postunda xidmət apararkən öldüyünü bildirir. Lakin müstəqil mənbələr ölən erməni əsgərlərin sayının daha çox olduğunu bildirir.
Bütün bunlar isə Sarkisyan iqtidarına qarşı çıxan erməni əsgər analarının sıralarının artmasına səbəb olur. Belə qorxulu vəziyyətə düşən Emənistanda müdafiə naziri Seyran Ohanyanın ordudakı itkilər barədə informasiyaların məxfi elan edilməsinə dair gizli sərəncamı üzə çıxıb. "Sülh dialoqu" erməni qeyri-hökumət təşkilatının Avropa Vətəndaş Cəmiyyətləri Təşəbbüsünün saytında yerləşdirilmiş məqaləsində deyilir ki, həmin sərəncama əsasən Seyran Ohanyan həlak olan əsgərlərin valideynlərinin və vətəndaş cəmiyyəti nümayəndələrinin hərbi qulluqçular arasında qeyri-döyüş itkilərinə dair informasiyalara çıxışı qadağan edir.
Təşkilat bildirir ki, onlar son 4 il ərzində qeyri-döyüş şəraitində ölən əsgərlərin valideynləri və qohumları ilə işləyərək bu insidentlərin səbəbini araşdırmağa çalışırdılar. Əvvəlcə Müdafiə Nazirliyi bu informasiyaların əldə edilməsinə dəstək verib. Ancaq ötən ildən nazirlik "Sülh dialoqu" təşkilatının sorğularına cavab verməyib. Təşkilat Müdafiə Nazirliyini sorğulara cavab vermədiyi üçün məhkəməyə verib. Nazirlik bu iddiaya 30 gün sonra reaksiya verməli olsa da, cavab ancaq 8 ay sonra, yəni bu il avqustun 15-də gəlib.
"Sülh dialoqu" müdafiə nazirinin nazirliyə qarşı qaldırılmış iddiaya dair inzibati məhkəməyə göndərilmiş etirazının surətini əldə edib. Orada deyilir ki, 2015-ci il avqustun 13-dən etibarən qeyri-döyüş şəraitində ölən əsgərlərlə bağlı bütün informasiyalar yeni sərəncamla məxfi elan edilib. Təşkilat bununla bağlı bildirir: "Bu sərəncamın məqsədi nədir? Bunu ona görə edirlər ki, övladlarını itirmiş valideynlər dövlətə xidmət edən uşaqlarının başlarına məhz nə hadisə gəldiyini öyrənə bilməsinlər. Doğrudanmı bütün bu əsgər ölümlərinə dair hallar barədə informasiyaların valideynlərə və cəmiyyətə çatdırılması Ermənistanın təhlükəsizliyinə təhdiddir?"
Təşkilat bildirir ki, bu sərəncam vətəndaş cəmiyyətinin orduya nəzarət imkanını əlindən alır. Belə nəzarətsizlik isə hökumətə hərbi qulluqçuların itkisini gizlətməyə imkan verir. Bundan narahat olan əsgər anaları isə hakimiyyəti övladlarını əbəs yerə qırğına verməməyə çağırır. Hesab edilir ki, vəziyyət dəyişməsə, onda övladlarını orduya yola salan daha çox insan Sarkisyan iqtidarına qarşı çıxacaq. Bu da, öz növbəsində, erməni iqtidarının durumunu daha da ağırlaşdıracaq./milli
7news.az








