Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!
Salam Əsgər! Səni bütün nəcib xalqımız adından salamlayıram. Sən hər birimizin damarında axan mərdanə atalarımızdan miras qalan vətənpərəstlik sevdanla, əldə silah səngərdə hər birimizi və ümumilikdə Vətənimizi təmsil edirsən. Bəli, hər birimizi tək-tək təmsil edirsən...
Əhvalını soruşmuram. Yadimdadır hərbi and içdiyiniz gün. Sənlə görüşə gəlmişdik. Çox qürurlu görünürdünüz hamınız. Demişdin ki, çox sevincliyəm, uşaqlıq arzumun nəfəsini yaxından hiss edirəm...Babanla bir birinizə sarılanda bir anlıq hamımızın nəzərində artıq əvvəlki dəcəl məktəbli yox - sanki oxuduğumuz tarix kitablarından bir qəhrəman dayanmışdı...Fəxr etdik...ümumilikdə azərbaycançılığımız ilə övündük. Babanın gözü yaşarmışdı, deyirdi ki, o uşaq ikən deyərmiş böyüyüb Azərbaycan əsgəri olacam. Məlum zalım fələk onun bu arzusunu məhz bu gün ona nəsib etdi...Bəlkə də, elə buna görə də sənə öz adını əmanət edmişdir. Bəli,bəli sən və bütün milli əsgər və zabitlərimiz bizim xalqın tarixi arzusunu həyata keçirən ona vücud verən oğullarsınız...

Əziz oğlumuz, sən daim bizdən ailəmizin keçmişi barədə soruşardın. Hər dəfəsində sənə atalarımızın milli düşünür və Vətənimizin qəlbindəki ay-ulduzlu Azərbaycan xəritəsinin tarixçəsi barədə danışardıq. Mən əminəm ki, bu gün səngərdə səninlə çiyin-çiyinə dayanan hər bir gəncin gələcək nəsillərə şərəflə, milli həyəcan dolu anlatacağı çox məlumatlar olacaq. Siz qürurla bilməlisiniz ki, bu gənc yaşda siz təkcə dayandığınız səngəri yox- ümumilikdə hər bir azərbaycanlı ailənin can və şərəfinin keşiyindəsiniz. Siz- Azərbaycan Respublikasının istiqlalının müdafiəsində dayanmısınız. Bizim ailənin əksər üzvlərinin 1920-ci, 1937-ci illərdə məhz milli sevdaçılar olduğu üçün repressiya edilməsini və bolşeviklər tərəfindən güllələndiyini bilirsən. Xatırlayırsanmı?! Respublikamızın Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin açılışını etdiyi Bakıda keçirilən Hərbi Keçidlərin (Parad) birində kiçik qardaşın bizə sual vermişdi: “Ata bəs bu güclü əsgərlərimiz 1937-ci illərdə harda idilər?” ...həmin gün bu ağır suala cavab verə bilməmişdim.Ancaq bu sualın cavabını sən hərbi xidməti başa vurub evə qayıtdıqdan sonra cavablayacağın günü gözləyirik.
Tam da unudmuşam. Sənin məktubunu oxuyandan sonra həyəcanla cavablamağa başladım. Heç özümüzdən yazmaq yadımdan çıxıb. Şəhərdə qışdır...Qar dənəcikləri pəncərəyə toxunduqca elə bilirik sənsən. Həmişəki kimi həyatdolu və sevimli dəcəlliyin ilə bizi səsləyirsən. Hər gün xəbərlər proqramlarını izləyirik. Qarabağda aləm gəlinlik libasına bürünüb. Hamı bizdən səni soruşur, salam yollayırlar. Gəlinlik libası demişkən, baban da özünə təzə kastum sifariş edib. Deyir əsgərlərimiz tez gəlsin- elimizdə, Azərbaycanda toylar olsun. Bizim millətə zəfərlər, bayramlar, toylar və təbriklər yaraşır. Məktubu tək yazmıram, anan da, müəllimə nənən də həmişəki kimi, yazımı düzəliş edirlər. Üzlərindəki təbəssümü özün bilirsən. Kiçik qardaşın və bacın da dərslərində çox fəaldırlar. Dünən gündəliyini yoxlarkən səhifələrin arasında sənin bizə yolldağın hərbi formadakı şəklini gördüm. Arxasında yazdığın “Hər şey Vətən üçün” yazısı çox təsirli və qürurvericidir.
Sən təhsilli gəncsən. Əsgər yoldaşlarına da hərbi xitməti başa vurduqdan sonra təhsil almağı təbliğ et. Tarixə həvəsin ailəmizin gələnəyidir. Xalqımızın bütün dövrlərdə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizəsi zamanı göstərdiyi mətanəti daim özündə bayraq et. Siz gənclər müstəqil Azərbaycanın üç rəngli bayrağının hər bir rəngini eyni məhəbbətlə sevməli və onun fəlsəfəsini namusunuz kimi qorumalı olduğunu əsla unutma.
Cəbhə haqqında xəbərlərdə tez-tez erməni işğalçıları tərəfindən atəşkəsin pozulduğunu eşidirik. 2015-ci ildə düşmən, sizin kimi mərdanə oğulların sayıqlığı nəticəsində çoxlu itki vermişdir. Biz arxa cəbhədə bu xəbərləri izlədikcə həqiqətən sənin kimi oğul böyütdüyümüz üçün iftixar hissləri keçiririk. Ölkəmizin hər bir insanı istənilən sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq öz kiçik-cəbhəsində “erməni xisslətinə” qarşı mübarizə aparmaqdadır. Cənab Prezident dəfələrlə öz çıxışlarında Azərbaycanın əzəli Qarabağ torpaqlarının ermənilər tərəfindən işğalına əsla göz yummayacağına və istər xarici siyasət-cəbhəmizdə istərsə də Qarabağdakı haqqlı-cəbhəmizdə mənfur düşmənlərimizə güzəşt olunmayacağı vurğulanmaqdadır. Oğlum, bu gün biz hamımız Qarabağlıyıq! Bu gün bizim hər birimiz əsgərdir! Bir gün mütləq Xankəndidə dalğalanan Azərbaycan Respublikasının nazlı bayrağına baxaraq gözlərimiz sevincdən yaşaracaqdır.
Əziz əsgər! İlk növbədə sən fəxr etməlisən ki, müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin sıralarında qulluq edirsən. Dünyada elə bir xalq yoxdur ki, ona müstəqilliyi hədiyyə olunsun. Şərəfli millətlər öz hürriyyətini yalnız mübarizə və şəhadət yolu ilə əldə ediblər. Xalqımız da dəfələrlə bu sınaqdan qalib çıxmışdır. Kənardan hərbi formada olan insanları həmin an dərk etməyən adamlar ola bilər. Sən yazdığın məktubda ancaq bu formanı geyinən hər bir insan onun ağır məsuliyyətini tam hiss etməkdə olduğunu qeyd etmişdin... Bu gün hər sahədə inkişaf edən Azərbaycan daim öz Milli Ordusuna güvənir və bütün beynəlxalq qurumlarda çıxış edən azərbaycanlıların səsinin ən yüksək çıxmasının əsas səbəbkarlarının sizlər də olduğunu da unutmayın.
Sənə bayram günlərində çəkdirdiyimiz ailə rəsmini göndəririk. Görürsəndə kiçik qardaşın artıq indidən hərbi papaq qoyub. Deyir ki, bir gün mütləq Azərbaycan ordusunun zabiti olacam və Qarabağdakı Zəfər Hərbi Paradında ən ön sıralarda hərbi salamla keçəcəm.
Əziz əsgər! Sən hər bir azərbaycanlı ailəsninin övladısan.
Böyük Ailəmiz adından hörmət və sayğılarımızla.
Yazı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Əsgərə məktublar” adlı mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.
Əbülfəz ŞEYDABƏYOV








