RU
Ev sahibinin oğlunu öldürən usta 15 il müddətinə cəzalandırılıb
14:09
883

Ev sahibinin oğlunu öldürən usta 15 il müddətinə cəzalandırılıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini Camal Axundovun (1975-ci il təv.) CM-nin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və gəzdirmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.

7news.az xəbər verir ki, bu il iyulun 12-də Xəzər RPİ 1-ci polis bölməsinə 3 saylı kliniki xəstəxanasından məlumat verilib ki, Buzovna qəsəbəsindən bıçaq xəsarətləri ilə Rövşən Səlimov daxil olub və cərrahi əməliyyat nəticəsində onun həyatı xilas edilib. Faktla əlaqədar RPİ İstintaq şöbəsində CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, həmin gün polis bölməsinə könüllü gələn Camal Axundov təslim olub və həmin adamı bıçaqladığını etiraf edib. Göstərilən tibbi yardlmlara baxmayaraq Səlimov 2 gündən sonra keçinib, zərərçəkənin ölməsi ilə bağlı cinayət işi rayon prokurorluğuna verilib və CM-nin 126.1-ci maddəsi 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif olunub.

İstintaqla müəyyən edilib ki, Camal Axundov Yaşar və Fuad adlı tanışları ilə fərdi qaydada ev və mənzillərin təmiri ilə məşqul olublar. Ötən ilin dekabr ayından bu ilin mart ayınacan onlar Rövşən Səlimovun atasının evində təmir işləri aparıblar. Aralarındakı narazılıqlara maddi məsələlər səbəb olub, belə ki, təmir bitdikdən sonra Axundov hər şeyi hesablayaraq Səlimova bildirib ki, onun atası onlara 3000 manat borcludur. İyul ayınadək aralarında borcla əlaqədar danışıqları olsa da, tərəflər razılığa gələ bilməyiblər. İyulun 12-i axşam saat 18 radələrində Camal özünə məxsus "Opel" markalı avtomaşınla Rövşənin atasının evinin yanına gəlib və mobil telefonuna zəng edərək, onu küçəyə çağırıb. Sonuncu çölə çıxıb, həmin vaxt onun yanında Nəsir adlı dostu olub. Onlar maşına əyləşərək bir neçə küçə qət edəndən sonra yol kənarında dayanıblar. Əvvəl sakit tərzdə söhbət etsələr də, bir-birlərini yenə də anlamayıblar, avtomobildən düşərkən Camal salonda olan açılıb-bağlanan bıçağı götürüb. Söhbət əsnasında Rövşən yenə də onlara borclu olmadıqlarını bildirib, cavab olaraq isə Camal deyib ki, hər bir vasitə ilə ondan, yada atasından həmin məbləği alacaq və çevrilərək maşınına doğru addımlayıb. Bu vaxt Səlimov onu ağır söyüşlərlə təhqir elləməyə başlayıb, bundan hiddətlənən Axundov bıçaqla onun döş qəfəsinə iki zərbə endirib. Sonra Nəsirdən xahiş edib ki, dostunu xəstəxanaya çatdırsın, özü isə avtomobilə əyləşib, polis bölməsinə gedib və baş verənləri danışıb.

Məhkəmə prosesində Camal Axundov özünü qismən təqsirli hesab edərək, Səlimovu öldürmək niyyətində olmadığını bildirib. Təqsirləndirilən şəxs qeyd edib ki, istintaq zamanı ona təzyiq göstərilməyib, o könüllü polisə təslim olub və adam yaraladığını danışıb. Axundov əməlindən peşman olmasını bildirib, onun sözlərinə görə, əgər Rövşən onu söyməsəydi, o həmin yerdən avtomobilinə əyləşib, getmək fikrində idi.

İş üzrə ifadə verən zərərçəkmişin hüquqi varisi bildirib ki, Camal Axundov onun oğlunu xuliqanlıq niyyəti ilə qətlə yetirib. Pul borcuna gəlincə usə,
təqsirləndirilən şəxs yalan deyib, çünki onların ustalara borcu qalmayıb. Mərhumun atası məhkəmədən Axundova ağır cəza verilməsini xahiş edib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ