Bakı Apelyasiya Məhkəməsində Samir Məmmədovun CM-nin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 178.1 (dələduzluq), 221.2.1 (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə), 228.4 (qanunsuz olaraq soyuq silahı əldə etmə, gəzdirmə və ya satma), Elsevər Məmmədovun, Nurlan Dünyamalıyevın, Fuad Heydərovun CM-nin 221.2.1 (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) və Abbas Abbaslının CM-nin 221.2.1 (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, gəzdirmə və ya satma) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
7news.az xəbər verir ki, ötən il aprelin 1-də Binəqədi rayonunun Biləcəri qəsəbəsinin ərazisində Mobil Abdullayevin (1997-ci il təv.) qətlə yetirilməsi ilə əlaqədar Binəqədi RPİ 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onunla Biləcəri qəsəbə sakinləri Fuad Heydərov, Elsevər Məmmədov, Nurlan Dünyamalıyev, Abbas Abbaslı və Samir Məmmədov arasında münaqişə baş verməsi, bu zaman S.Məmmədovun M.Abdullayevin ayaq nahiyəsindən bıçaqla xəsarətlər yetirməsi müəyyən edilib.
Məlum olub ki, mübahisə Binəqədi şosesi, döngə 4 ünvanında yerləşən “Davud market”in qarşısında baş verib, bıçaq xəsarəti alan 11-ci sinif şagirdi Mobil Abdullayev Kliniki Tibbi mərkəzə çatdırılsa da, onun həyatını həkimlər xilas edə bilməyiblər. Daxil olan məlumatla əlaqədar hadisə yeri RPİ, 6-cı polis bölməsi və prokuroluq əməkdaşları tərəfindən müayinə olunub, müvafiq maddi sübunlar aşkar edilib. Rayon prokurorluğunda ilkin olaraq CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi qaldırılıb.
İstintaqla müəyyən edilib ki, mərhum Mobil Abdullayev Ədliyyə Nazirliyi Penitensiar xidməti əməkdaşlarına məxsus geyimi geyinərək şəkil çəkdirib və həmin şəkili "Facebook" sosial şəbəkəsində öz səhifəsində yerləşdirib, şərh olaraq isə altında “Privet voram” sözünü yazıb.
Mübahisə Mobil Abdullayevlə həmin şəkilə şərh yazan Elsevər Məmmədov arasında yaranıb. Belə ki, sonuncu cinayətkar aləmi dəstəkləyərkən Abdullayev "vorların" ünvanına söyüş söyüb. Yazışma get-getə qızışıb və bir-birlərinin ünvanlarına söyüşlər söyüblər. Elsevər Məmmədov mübahisəni internetdə yox, görüşüb həll etməyi təklif edib.
Görüş Biləcəri qəsəbəsində yerləşən “Davud” marketin qarşısında baş tutub. Elsevər Abdullayev tanışları Fuad Heydərov, Abbas Abbaslı,
Nurlan Dünyamalıyevlə sosial şəbəkədə oğru aləmi ilə bağlı yaranan mübahisəni aydınlaşdırmaq üçün görüş yerinə gəliblər. Mobil Abdullayev də hadisə yerinə tək gəlməyib. O, yaxın bir neçə qohumunu götürərək, həmin yerə gəlib. Görüş zamanı tərəflərin mübahisəsi qanlı cinayətlə nəticələnib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Məmmədov 14 il, Elsevər Məmmədov 3 il, Nurlan Dünyamalıyev 8 ay müddətinə azadlıqdan məhrum olunublar, digər təqsirləndirilən Fuad Heydərov 1 il sınaq və Abbas Abbaslı 1 il islah işləri cəzaları alıblar.
Hökmdən dövlət ittihamçısı növbəti dəfə apelyasiya protesti verərək təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını xahiş edib.
Bakı Apellyasiya Məhkəməsi işi hallarını araşdıraraq prokurorun protestini təmin etməyib və birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.











