Bu gün xalq artisti Faiq Ağayevin ad günüdür.
7News.Az-ın məlumatına görə, müğənni 1971-cı ildə Bakıda anadan olub. Peşəkar səhnəyə 1988-ci ildə gəlib. Həmin il "Bakı Payızı-88" respublika müsabiqəsinin qalibi olub. Bu müsabiqədən sonra "Qizil Payiz-89" respublika müsabiqəsində, Beynəlxalq "Vitebsk-90" müsabiqəsində, Beynəlxalq "Yalta-92" televiziya müsabiqəsində də qalib gələrək, hələ tələbə ikən peşəkar ifaçı kimi ad qazanıb.
1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyoru fakültəsini fərqlənmə diplomu ilə bitirib. Universiteti bitirdikdən sonra Klavdiya Şuljenko adına "Xarkov-95" Beynəlxalq Retro mahnılar müsabiqəsində və "Qızıl Şlyager" – Mogilyov – 96 Beynəlxalq müsabiqəsində də qalib gəlib.
1998-ci ildə Faiq Ağayev "İlin konserti" nominasiyasında, 1999-cu ildə isə "Dəşti" klipinə görə "İlin klipi" nominasiyasında "Humay" Milli Mükafatının sahibi olub.
Qeyd edək ki, F.Ağayev açıqlamasında özəl gününü ailəsi ilə birlikdə qeyd edəcəyini bildirib.
Biz də 7News.Az kollektivi olaraq xalq artistini təbrik edir, ona uzun ömür can sağlığı və hər zaman xalqın sevimlisi olaraq qalmağı arzu edirik.










