Maliyyə sektorunda baş verən dəyişikliklər bankçılıq fəaliyyətinə yanaşmanı da köklü şəkildə transformasiya edir. Artıq banklar yalnız maliyyə vasitəçisi deyil, iqtisadi inkişafın maliyyə təminatçısı və risklərin sistemli idarəedicisi kimi çıxış edir. Bu baxımdan həm beynəlxalq təcrübə, həm də yerli reallıqlar fonunda bank sektorunun mövcud vəziyyətinin və perspektivlərinin qiymətləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Müsahibimiz "MBA Consulting Group”un rəhbəri, iqtisadçı Faiq İbrahimovdir. O, Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadi kibernetika ixtisası üzrə bakalavr, "Munich European University”də Bank və maliyyə istiqaməti üzrə magistr təhsili alıb. İqtisadi araşdırmaları və analitik məqalələri ilə çıxış edir.
- Banklar bu gün iqtisadiyyatın "mühərrikidir”, yoxsa sadəcə resurs hərəkətini izləyən "dispetçer”? Klassik vasitəçilik modelindən qopmaq nə dərəcədə realdır?
- Bankçılıq artıq klassik mənada yalnız depozit toplayıb kredit verən bir vasitəçi institutu deyil. Müasir dövr bankları "iqtisadi inkişafın maliyyə təminatçısı” və "risklərin sistemli idarəedicisi” statusuna keçid ediblər. Bu transformasiya bankı sadəcə bir "kassa” olmaqdan çıxarıb, iqtisadiyyatın mərkəzi sinir sisteminə çevirir. Bankın verdiyi hər bir qərar əslində milli resursların hansı sektorlara və hansı effektivliklə yönəldiləcəyini müəyyən edən strateji bir seçimdir. Biz bankı resurs bölgüsünün səmərəliliyini təmin edən intellektual mühəndislik mərkəzi kimi xarakterizə etməliyik. Əgər bank sistemi zəifdirsə, iqtisadiyyatın "qan dövranı” ləngiyir və kapitalın məhsuldarlığı düşür. Bu baxımdan, bankların makroiqtisadi sabitlikdəki rolu həlledicidir və onların qərarları ölkənin uzunmüddətli iqtisadi mənzərəsini formalaşdırır.
- Niyə Qərbdə bank "biznes modelinə”, Azərbaycanda isə "daşınmaz əmlaka” kredit verir? Girov asılılığı analitik zəiflikdir, yoxsa etibarsızlıq?
- Bu, fundamental bir konseptual fərqdir. İnkişaf etmiş bazarlarda bank müştərinin yaratdığı pul axınlarına, onun bazar mövqeyinə və gələcəkdə vəd etdiyi mənfəət potensialına inanaraq riskə girir. Girov orada sadəcə "B planı” və ya sonuncu təhlükəsizlik yastığıdır. Azərbaycanda isə girovun əsas qərarverici amil kimi qalması bazar məlumatlarının asimmetriyasından və şəffaflıq səviyyəsinin hələ də formalaşma mərhələsində olmasından irəli gəlir. Bank özünü sığortalamaq üçün fiziki aktivə söykənir, lakin bu yanaşma "lombard bankçılığı” elementlərini saxlayır. Real inkişaf üçün biz girov əsaslı modeldən biznes analitikası əsaslı modelə keçməliyik. Çünki aktivləri olmayan, lakin parlaq ideyası və real satış potensialı olan sahibkarın maliyyəyə çıxışı məhz analitik modellərin tətbiqi ilə mümkündür. Strateji hədəfimiz bankların "nə qədər girovun var?” sualından "biznesin nə qədər pul yaradır?” sualına keçməsidir.
- Sektorun mənfəəti hələ də istehlak kreditlərinə söykənirsə, "sağlam transformasiya”dan danışmaq nə dərəcədə səmimidir? Biz real artımı, yoxsa "balans gözəlliyini” izləyirik?
- Azərbaycan bank sektoru hazırda dərin və geri dönməz bir transformasiya mərhələsindədir. Bəli, istehlak portfelinin payı hələ də yüksəkdir, lakin bu, sektorun xəstə olması anlamına gəlmir. Son illərdə risk idarəetmə sistemləri beynəlxalq Basel III standartlarına uyğunlaşdırılıb, daxili nəzarət mexanizmləri və prudensial tələblər kəskin şəkildə gücləndirilib. Transformasiya təkcə kreditin hara verilməsində deyil, həm də bankın daxili immunitetinin artmasındadır. Bu gün banklar daha kapitallaşmış və risklərə qarşı daha dözümlüdürlər. Bu gün gördüyümüz mənfəət artımı əslində gələcək korporativ layihələrin maliyyələşdirilməsi üçün zəruri olan "təhlükəsizlik kapitalı”dır. Sektorun tam dayanıqlı olması üçün məlumat bazasının genişləndirilməsi və kredit risklərinin qiymətləndirilməsində daha dərin riyazi-statistik yanaşmaların tətbiqi vacibdir. Biz "balans gözəlliyindən” daha çox, institusional yetkinləşmə prosesini müşahidə edirik.
- Qərarvermədə "data” niyə bu qədər kritizə olunur? Şəffaflığın zəif olduğu mühitdə analitik modellər bankı riskdən qoruya bilir, ya sadəcə illüziya yaradır?
- Bank fəaliyyəti mahiyyət etibarilə riskin qiymətləndirilməsidir. Məlumatın keyfiyyəti birbaşa qərarın keyfiyyətini müəyyən edir. Geniş və sistemli məlumat bazası banka imkan verir ki, subyektiv insan faktorundan uzaqlaşıb, obyektiv rəqəmsal faktlara söykənsin. Müasir analitik modellər borcalanın real maliyyə sağlamlığını, onun xarici şoklara qarşı dözümlülüyünü və gələcək tendensiyaları riyazi dəqiqliklə proqnozlaşdıra bilir. Bu, sadəcə riskin azaldılması deyil, həm də daha effektiv və gəlirli kredit portfelinin qurulmasıdır. Məlumat bazası genişləndikcə və "Big Data” analizləri dərinləşdikcə, biz müştərini daha yaxşı tanıyırıq. Şəffaflığın artması naməlumluq riskini azaldır ki, bu da sonda həm bankın mənfəətliliyinə, həm də müştəri üçün kreditlərin daha əlçatan olmasına xidmət edir.
- Azərbaycan bankları qlobal sistemə nə təklif edə bilər? Biz sadəcə "təcrübə alan” tərəfik, yoxsa regional maliyyə hubu olmaq perspektivimiz var?
- Bizim əsas strateji perspektivimiz beynəlxalq maliyyə sisteminə tam inteqrasiyanın dərinləşdirilməsidir. Bu, sadəcə təcrübə almaq deyil, həm də beynəlxalq kapital bazarlarına çıxışın genişləndirilməsi deməkdir. Azərbaycan bank sektoru regional logistik və iqtisadi layihələrin maliyyə mərkəzinə çevrilmək potensialına malikdir. Məsələn, Orta Dəhliz. Bunun üçün biz qabaqcıl risk idarəetmə təcrübələrini tətbiq etməklə yanaşı, həm də regional müştərilərə beynəlxalq standartlarda xidmət təklif etməliyik. Gələcəkdə girov əsaslı modeldən biznes və pul axını əsaslı modelə keçid baş verdikcə, banklarımız iqtisadiyyatın daha dinamik iştirakçısına çevriləcək. Bu transformasiya Azərbaycan bank sektorunu regional investisiya axınlarının idarə olunduğu və strateji qərarların verildiyi bir huba çevirəcək.
Səddam Abbasov
7news.az








