RU
Fazil Mustafa “Xüsusi təyinatlı İbad” filmindən danışdı: “Söyüşlü dialoq, qarşılaşmanın təsadüfliyi...
12:54
680

Fazil Mustafa “Xüsusi təyinatlı İbad” filmindən danışdı: “Söyüşlü dialoq, qarşılaşmanın təsadüfliyi..."

Millət vəkili Fazil Mustafa yeni çəkilmiş "Xüsusi təyinatlı İbad" filmi haqqında danışıb.

7News.az xəbər verir ki, millət vəkilinin sözlərinə görə, filmin az büdcə ilə çəkildiyi hiss edilir:

"Ümumi təsir gücü var və bəlli bir duyğusal aura yarada bilir. Bu cür filmlərin dəyəri məğlub olmuş bir millətin ayrı-ayrı fərdlərində öz gücünə inamı oyatmaqdır. Fikrimcə, belə bir qəhrəman obrazı barədə təsəvvür yaranır. Milləyətçi-kriminal Polad Ələmdar ədasından kəşfiyyatçı İbad xarakterinə Azərbaycan gəncində bir dönüş yarada bilər.

Adətən, bu kimi filmlərdə nöqsanlar gözə dəysə də, ümumi mahiyyət üzərində durmaq daha doğru davranış olardı. Çünki heç nəyin olamamasındansa, bir şeylərin olması müəyyən boşluğu doldurmağa xidmət edir. Bununla belə, İbadın Melkonyanla qarşılaşması səhnəsini daha təbii və pafosdan uzaq şəkildə təqdim etmək film haqqında yekun təəssüratı bir az da dolğun edə bilərdi. Söyüşlü dialoq, qarşılaşmanın təsadüfliyi, iki personajın savaş səhnəsində dialoqun çox uzanması sonluğa xeyli süni çalarlar qatmış olur”. 

Fazil Mustafa qeyd edib ki, Aqil Abbasın ssenarisi ilə çəkilən "Dolu" filmi də dəyərli bir əsərdir, aktyor oyunları da yüksək səviyyədə idi, lakin orada da sonluq ruhların silahsız, əliyalın itirilmiş torpaqlara yürüməsi kimi təsvir olunurdu, savaşın qeyri-təbii sentimentallaşması kimi anlaşılırdı: "Hər halda bu işin ustaları daha dəqiq qiymət verərlər, bəlkə də mənim subyektiv tamaşaçı müşahidələrim doğru olmaya bilər. Yekun hissənin musiqisi də tamamlayıcı biçimdə olmalı idi. Hər halda insanların zəhmətini kiçiltmək olmaz, faydalı bir əsər ortaya qoymuşlar. Bu cür filmlər daha böyük büdcələrlə çəkilməli və beynəlxalq arenaya çıxarılma imkanları da düşünülməlidir.

Biz şəhidlik və qazilik deyəndə bu kimi qəhrəmanlıqları daha sistemli şəkildə təqdim etməliyik. Əksəriyyətimiz əlindəki gülləri 20 Yanvar şəhidlərinin üzərinə buraxaraq alt qatdakı savaş qəhrəmanlarının məzarlarının yanından tələsərək keçirik. Bu cür filmlər həm də onu təlqin edir ki, bu savaş qəhrəmanlarının hər birinin məzarı başında ayaq saxlayıb "Bəs, mən nə etmişəm?" sualına cavab barədə çox-çox düşünək”. //cebhe.info

7News.az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ