Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin klubu "Trabzonspor" FİFA tərəfindən cəzaya məruz qalıb.
Buna səbəb klubun keçmiş futbolçusu Karl Medyaniyə olan borcunu ödəməməsidir. Vahid Halilhodziçin dönəmində transfer edilən Medyani maaşının ödənilmədiyini əsas gətirərək, 2015-ci ilin noyabrında müqaviləsini təktərəfli ləğv etmiş və FİFA-ya müraciət ünvanlamışdı. Əlcəzairli oyunçu 285 min avro alacağı ilə yanaşı, qarşı tərəfin 2 milyon 235 min avro təzminat ödəməsini tələb etmişdi. "Bordo-mavililər" də boş oturmamış, düşərgəni icazəsiz tərk edən Medyanini FİFA-ya şikayət etmişdi. Superliqa təmsilçisinin istədiyi məbləğ isə 1 milyon 665 min avro idi.
Məsələni araşdıran ali futbol qurumu futbolçunu haqlı çıxarıb. Verilən qərara əsasən, "Trabzonspor" Medyaniyə olan 285 min avroluq borcu qısa müddətdə ödəməli və əlavə 500 min avro təzminat cəriməsi verməlidir. "Trabzonspor" isə İdman Arbitraj Məhkəməsinə müraciət etmək qərarına gəlib.
7News.az







