Seçkilər fevralın 26-da keçiriləcək.
Beynəlxalq Futbol Federasiyasının (FİFA) seçki komissiyası təşkilatın prezidentliyinə 5 nəfərin namizədliyini təsdiqləyib. Bu barədə federasiyanın rəsmi saytında məlumat yayılıb.
FİFA-nın rəhbəri postu uğrunda Avropa Futbol Assosiasiyasının (UEFA) baş katibi Canni İnfantino, FİFA-nın vitse-prezidenti, İordaniya şahzadəsi Əli bin əl-Hüseyn, Cənubi Afrika Respublikasının keçmiş tikinti naziri və Nelson Mandelanın silahdaşı Tokio Seksvale, FİFA-nın keçmiş baş katibinin keçmiş müavini, fransalı Jerom Şampan və Asiya Futbol Konfederasiyasının (AFK) prezidenti şeyx Salman bin Ubrahim əl-Həlifəd mübarizə aparacaqlar.
Liberiya Futbol Assosiasiyasının rəhbəri Musa Biliti namizədliyini irəli sürsə də, seçkilərə buraxılmayıb. FİFA-dan bunun səbəbi barədə şərh edilməyəcəyi bildirilib.
UEFA prezidenti Mişel Platini də seçkilərdə iştirakla bağlı ərizə ilə müraciət etmişdi. Ancaq FİFA-nın etika üzrə komitəsi oktyabrın əvvəlində onu korrupsiya işi üzrə araşdırma aparıldığına görə futbol fəaliyyətindən 90 gün müddətinə uzaqlaşdırıb.
Bu müddət daha 45 gün də uzadıla bilər. Platininin namizədliyi sanksiyalar ləğv edilməyənə qədər nəzərdən keçirilməyəcək.
FİFA-ya prezident seçkiləri 2016-cı il fevralın 26-da keçiriləcək./oxu
7news.az








