Hərdən qəzəblənərək insan məskənlərinə hücum edən və tələfata yol açan fillər, yaxın gələcəkdə minlərlə insanı ölümdən xilas edə bilər.
Cənubi Afrika respublikasında nəhəng canlıların iştirakı ilə həyata keçirilən sınaq maksimum nəticə verib. Ən güclü yaddaşa malik olduğu ehtimal edilən nəhəng canlılar, bu dəfə partlayıcı qurğuların yerini dəqiqliklə aşkarlamaqla diqqət çəkib.
Limpopo vilayətində keçirilən sınaq cəhdində dibçəklərdən birinin içinə mina qoyan işçilər, 17 yaşlı filin həmin bombanı tapıb-tapmayacağına aydınlıq gətirməyə çalışıb. Çişuru adlı fil dibçəkləri bir-bir iyləyib və partlayıcının yanında dayanaraq sağ ayağını qaldırmaqla təhlükədən xəbərdar olduğunu nümayiş etdirib.
Mütəxəssislər deyir ki, fillərin iybilmə qabiliyyəti xüsusi əhliləşdirilmiş polis köpəklərindəkindən daha çoxdur. Üstəlik fillərin güclü yaddaşa malik olması, onlara minalanmış ərazidə partlayıcıların yerini daha tez dəqiqləşdirməyə imkan verir. Əvvəllər, hərbi qurumlar fillərin minaaxtarışına cəlb olunmasına soyuq münasibət bəsləyirdisə, indi nəhəng canlıların hərbi məqsədlə istifadə olunması güclü ehtimaldır.
Fillərin partlayıcı qurğulara qarşı həssaslığı 2007-ci ildə təsadüfən aşkarlanıb. Anqolada bu canlıların həyat tərzini yaxından izləyən zooloqlar, minalanmış ərazidən keçən fil sürüsünün, bir dəfə də olsa partlayışa səbəb olmadığını görəndə heyrətlənmişdi./atv
7news.az








