Akademik Milli Dram Teatrı xalq artisti Fuad Poladovun
teatrdan istefa verməsi haqqında yayılan məlumatlara aydınlıq gətirib. Teatrın
mətbuat xidmətindən verilən məlumata görə, F. Poladov hazırda teatrda
fəaliyyətini davam etdirir. F. Poladov da Akademik Milli Dram Teatrından istefa
verməsi haqqında yayılan xəbərlərə aydınlıq gətirib. O, APA-ya açıqlamasında
bildirib ki, teatrdakı işindən uzaqlaşıb: "Bəli, yayılan xəbərləri
təsdiqləyirəm, teatrdakı işimdən getmişəm. Rəsmi müraciət etməmişəm, ərizə yoxdur.
Sabah son tamaşamdır, "Müsyo İbrahim və Quran çiçəyi" tamaşasında
oynayacağam. Məsələnin təfərrüatı haqqında açıqlama vermək istəmirəm".
Məsələ ilə bağlı 7news.az saytına Jurnalist, Fuad Poladovun tələbəsi Səbuhi
Rəhimli münasibət bildirib. Akademik Milli Dram Teatrının Azərbaycanın teatr və
aktyor sənətində böyük bir məktəb olduğunu deyən S.Rəhimli ora rəhbərlik
etməyin böyük məsuliyyət tələb etdiyini dedi: "Təəssüf ki, Həsən Turabovdan
sonra teatra rəhbərlik edən şəxslər ya teatrdan uzaq adamlar olub, ya da teatra
pul kisəsi kimi baxanlar. İlin əvvəlində teatr kollektivinin təkidli etirazı
ilə istefaya göndərilən İsrafil İsrafilovu rejissor Azərpaşa Nemətov əvəz etdi.
Bu dəyişiklik aktyor heyətini sevindirdi ki, nəhayət sənətə dəyər verən biri
gəlib. Təəssüf ki, gəldiyi bu müddətdə qeyri-adi heç bir irəliləyiş baş
verməyib, əksinə bəzi istedadlı aktyorları işdən çıxarıb, parlamaqda olan bir
çox aktyora isə rol bölgüsündə "görünməyən” obrazlar həvalə edir. Bu da
haqlı narazılıqlara səbəb olur. Azərpaşa Nemətovun 70 yaşı var və bu adam həm
Teatr Xadimləri İttifaqının sədridir, həm teatrın baş rejissorudur, həm
direktordur, həm multikulturalizm mərkəzinbə məsul vəzifə daşıyır, həm
Mədəniyyət və İncəsənət Universitetində kafedra müdiridir, həm bir çox cəmiyyət
və qurumların rəhbərliyindədir. Məntiqlə düşünsək, 70 yaşlı bir insan bütün bu
işlərin öhdəsindən layiqincə demirəm, ümumiyyətlə gələ bilərmi? Neçə-neçə
insanın iş yerini əhəmiyyətsiz yerə tutub və maaşını alır. Teatr Xadimləri
İttifaqında hansı əhəmiyyətli tədbir keçirib, yaxud da hansı gənc rejissoru
hazırlayıb? Dillərə düşən hansısa bir tamaşaya quruluş verdiyini də duymamışam.
Amma gənc aktyorların parlamasına, istedadlı rejissorların ortaya çıxmasına
mane olmağı yaxşı bacarır. Hələ fevraldan gənc və istedadlı aktyor Sərdar
Rüstəm bəyanatla istefa verdi. Bu gün də artıq ikinci bir aktyoru da mənasız
səbəblərdən işdən qovub. Xalq artisti Fuad Poladov da bununla teatrın uçuruma
getdiyini görüb ədalət tələb edib. Lakin sözünün eşidilmədiyini görəndə istefa
verib. Akademik Milli Dram Teatrında hazırda çox gərginlikdir. Tanınmış
sənətkarlar da Azərpaşa Nemətovun bu addımını qınayırlar. Hətta onların bir
çoxu mediada teatrın direktoru və baş rejissoru olan bu adama qarşı etiraz
səslərini ucaldırlar. Ən adi bir aktyorun teatrdan qovulması çox böyük
qəbahətdir. İndi təsəvvür edin ki, az qala bütün tamaşalarda baş rolu oynayan
Fuad Poladovun istefası nə deməkdir? Əminəm ki, sənət adamlarının haqq səsi
ucalacaq və tezliklə ədalət öz yerini tutacaq...”
7News.Az









