RU
19:50
3052

"Gəlin, Azəri yaşadaq" - Xeyriyyə konsertinə HƏR KƏS DƏVƏTLİDİR

Xəbər verildiyi kimi, bir müddət əvvəl aşıq Azər Xanlaroğlunun səhhətində yaranan problem öz ciddiyyətini qoruyur. Son günlər onun vəziyyəti daha da pisləşməyə başlayıb. Qara ciyərin serrozu və bir neçə başqa xəstəliklə yanaşı Azərdə təbabətdə nadir rast gəlinən xəstəliklərdən biri olan damarların varikoz genişlənməsi xəstəliyi də aşkar olunub. Bu diaqnoz Bakıdakı İsrail klinikasında təsdiqləınib. Bütün bu xəstəliklərin kompleks müalicəsi isə bütün qarantiyasıyla bir yerdə İsraildə mümkündür. Bunun üçün isə müəyyən məbləğdə maliyə vəsaiti tələb olunur. 
 
Aşığın həmkarları, onun şəxsiyyətini və sənətini sevən şəxslər bir araya gələrək bu istedadlı gənci xilas etmək üçün tədbirlər həyata keçirməyə başlayıblar. Onlardan biri də Azər Xanlaroğlu üçün xeyriyyə konserti təşkil etməkdir. Bu tədbirin təşkilatçılarının musiqisevərlərə, duyarlı insanlara ünvanladıqları müraciətdə deyilir: 
 
"Artıq bir aya yaxındır ki, Aşıq Azərin müalicəsinə yardım məqsədilə bankda hesab da açılıb. Amma bu qədər müddət ərzində tələb olunandan xeyli cüzi bir məbləğ toplanıb. Azərin isə vəziyyəti günü-gündən ağırlaşır. Onun müalicəsinə yardım məqsədilə, dostları xeyriyyə konserti keçirmək qərarına gəlıb. Ölkəmizin adlı-sanlı ziyalıları və sənətçiləri- tanınmış müğənnilər, xanəndələr, aşıqlar və estrada təmsilçiləri üzümüzə gələn şənbə günü- martın 5-də saat 17.-də Rəşid Behbudov adına Mahnı Teatrında bir araya gələrək Aşıq Azərin müalicəsinə yardım məqsədilə xeyriyyə konserti təşkil edəcəklər.
Sevgili dostlar, haqdan gələn sazın-sözün əziz pərəstişkarları...
 
Hamınızı və HAMINIZI həmin məkanda gözləyəcəyik. Ölməz-itməz aşıq Xanların tək oğlu, əvəzsiz saz ifaçısı, iki körpə uşağın atası olan Azərin həyatda qalması indi bizim hər birimizdən asılıdır. Kimin nəyə gücü çatacaqsa, Azərdən əsirgəməsin. 
 
Dəfələrlə və müxtəlif formalarda müraciət olunsa da, imkanı olan elğolularımız bu işdən boyun qaçırıb, heç nə olmamış kimi davrandılar. Zamanında ustad Aşıq Xanların könül verib , əl tutduğu və bu gün kifayət qədərdən də artıq var-dövləti və nüfuzu olan insanlar da bu gün Azəri tənha qoydular. Amma dünya yaxşılardan xali deyilmiş. Hörmətli millət vəkili Qənirə xanım Paşayeva Aşıq Azəri xəstəliyinin gücləndiyi ilk günlərdən dəstəklədi və onun xəstəxana şıraitində müalicə almasına yardımçı oldu. Martın 5-də keçiriləcək xeyriyyə konsertinin baş tutmasında da Qənirə xanım öz töhfəsini əsirgəməyib. Bir də mütləq bir gözəl insanın da adını xüsusilə qeyd etməyi özümə borc bilirəm. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Gülnarə xanım Azərlə heç bir şəxsi tanışlığı olmasa da, konsertin təşkilatçılığını öz boynuna götürüb . Tədbirin ən yüksək səviyyədə baş tutması üçün özü və rəhbərlik etdiyi " Estrade Music Enteratinment" günlərdir dayanmadan çalışırlar. Allah köməkləri olsun və əziyyətləri yerdə qalmasın. 
Hələ 33 yaşı tamam olmayan Aşıq Azer Xanlaroglu da təbii ki, hamımız kimi həyatda müəyyən səhvlərdən xali deyil. Xüsusilə də səhhətinə qarşı çox amansız olub və indi onun əziyyətini çəkməkdədir. Amma axı o, Azərbaycanın ən möhtəşəm aşıqlarından biri olan Aşıq Xanların yadigarıdır və həm də 2 yaşlı körpə Xanların atasıdır. Bizim sakitcə kənarda dayanmağa haqqımız yoxdur. Hamılıqla əl uzatsaq, bu bəlanın kürəyini yerə qoya bilərik. Qoy pullu, harın elğolularımız öz var-dövlətlərini ən mənasız işlərə sərf etsinlər. Eybi yox. Allah özü kömək olar Azərə".
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ