RU
Gənc şair: “Vicdan anlayışım məni çox arzumdan məhrum edib…”
12:42
1638

Gənc şair: “Vicdan anlayışım məni çox arzumdan məhrum edib…”

Dəfələrlə şairlərlə, yazarlarla müsahibələrim olub. Hər birinin öz dəryası, öz çeşməsi və öz dadı… Şairlərin baxış bucağı stabil olmadığına görə, onlarla hər yeni görüş elə yeni görüş kimi yadda qalır. İstənilən halda, mən şairlərə, yazı-pozu adamlarına qibtə edirəm. Onlar gerçəkdən də seçilmiş insanlardırlar. Düzdür, aralarında psixoloji çatışmazlıqdan əziyyət çəkənləri də var. Amma cəmiyyətin onlarla işi olmaz. Necə deyərlər, öz əlləri, öz başları… Yazsınlar, yaratsınlar özləri bildiyi kimi…

Amid Əlioğlunu şeirləri və yazılarıyla tanış olandan sonra kəşf eləmişəm. İstedadlı oğlandır. Yaradıcılığında dəyişkən buludlu, hərdən də günəşli bir ab-hava var. Daim təlatümlərdədir. Məncə, bu işin xeyrinədir. Amid dünyaya öz rakursundan sağlam baxmağı bacaran gənc şairlərdəndir…

                                     Kölgən olmaq istəyirəm…

                                     Hər addımda yaxın olub,

                                     səni görə bilmək üçün.

                                     Qalım “Günəş ümidinə”

                                     muradıma yetmək üçün…

Qəhrəmanımız ona ünvanlanan sualları özünəməxsus tərzdə cavablandırdı. “Serhed.info”nun daimi dəstəyindən bəhrələnərək, Amid Əlioğluyla müsahibəni oxucularımızın ixtiyarına buraxıram…

13115360_1188641211170641_255330603_n

– Şairə ilham hardan gəlir?

– Bu sual, poetik işlə məşğul olan hər bir insana tez-tez ünvanlanır. “Necə gəlir” “nə vaxt gəlir” və ən əsası sənin də soruşduğun  kimi “haradan gəlir”. Sözsüz ki, bunun rasional izahı vardır, fəqət mən bunu heç vaxt araşdırmamışam. Çünki bunu fövqəladə bacarıq kimi qiymətləndirmirəm. O vaxt  fövqəladə olardı ki, məndən başqa heç kimdə olmasın. Ola bilər, yazdıqlarıma hansısa pəri və ya pərilər bais olub amma dəqiq bilirəm ki, bu, “ilham pərisi” olmayıb. Dolayısı ilə, “ilham pərisi” ifadəsini poetik aksessuar kimi qəbul edirəm. Həm əgər varsa, niyə pəri? Məgər bütün şairlər kişidirmi?  

– Mən şairlər tanıyıram ki, ildə 3-4 kitab buraxdırırlar. Amma açıb oxuyanda görürsən ki, adamın sadəcə pulu var, istedadı yoxdur. Heyif deyil o pullar?

– Görünür, onun üçün heyif deyil. Hətta həmin insan bu “fəallığını” heç də əhəmiyyətsiz hesab etmir. Əksinə, növbəti il üçün öz rekordunu qırmağı belə düşünür. Çünki, onun üçün önəmli olan keyfiyyət yox, kəmiyyətdir. Çünki, onun üçün önəmli olan imza yox, tituldur. Fikrimcə, indiki dövrdə üzə çıxmaq üçün iki şey lazımdırsa çox vaxt onlardan biri olmur. Məsələn, gənc lakin istedadlı şairlər var ki, şeirlərini kitab halında çap etdirə bilmir. Və yaxud sən dediyin kimi, üç-dörd kitabı var, amma bir poeziyası yoxdur.    

13115830_1188641044503991_1087403344_n

– Dahi şairlərimizin yazı-pozusunda çox vaxt yersiz populizmə, bayağı pafosa rast gəlirik. Müəyyən mənada başadüşüləndir ki, bunlarsız keçinmək mümkün olmayıb. Fikrin varmı onların "səhvlərini" təkrarlayasan?

– Gəlin razılaşaq ki, əgər bu gün onları dahi deyə anırıqsa deməli zamanında doğru iş görüblər. Onları dahiləşdirən də elə həmin düşüncə olub. Bəli, bəlkə də bu gün həmin pafos bayağı görünə bilər, amma bir daha qeyd edim ki, görünür bu, həmin dövr üçün zəruri imiş. Nəzərə alsaq ki, dövlətləri, hakimiyyətləri, idarə sistemlərini yalnız ədəbiyyat vasitəsi ilə “mühakimə” etmək mümkün olub, deməli xalq üçün o populizm, o pafos heç də bayağı görünməyib. Zənnimcə tarix özü nəyin yerli, nəyin yersiz olduğunu müəyyən edib və edəcək.Təkrarlamağa gəldikdə isə, buna təkrarlamaq yox, həmin üsuldan istifadə etmək deyərdim. Zərurət yaranarsa, əlbəttə istifadə etmək olar. Lakin bu gün üçün buna bir ehtiyac görmürəm.

– Yazı-pozuyla çörək qazanmaq, üstəlik Azərbaycan mühitində mifdir. Sənin əlavə gəlir yerin varmı?

– Bəli, razıyam. Sırf yazdıqlarınla dolanmaq mümkün deyil. Söhbət öz beyninin məhsulu ilə dolanmaqdan gedir. Ədəbi qurumlarda, KİV-də, televiziyada əmək haqqı ilə çalışan yazarlar istisna olmaqla məncə ölkədə ancaq yazdığı ilə normal yaşaya bilən yazar yoxdur. Dolayısı ilə mən də hələ ki, yazdıqlarımdan gəlir əldə etmirəm. Hərbi xidməti başa vurduqdan bu yana əmək fəaliyyəti ilə məşğulam.

13162064_1188641141170648_1160710756_n

– Deyirlər ki, susmaq razılıq əlamətidir. Amma digər bir təbəqə də iddia edir ki, susmaq qızıldır, müdriklikdir… İndi hansına inanaq? Susaq, yoxsa, dil-boğaza qoymayaq?

– Amma mən çox vaxt razılıq əlaməti olaraq yox, etiraz əlaməti olaraq susuram. Elə məqamlar olur ki, razı olmadığın bir məsələdə hansısa mental dəyərlərə görə susmalı olursan və bu razılıq olaraq qiymətləndirilir. Məncə  bu haqsızlıqdan başqa bir şey deyil. Odur ki, susmağımı razılıq kimi qəbul edilməməsini həmişə ən yüksək səviyyədə büruzə verirəm. Razılığımı isə sözlərlə  ifadə edirəm. Məncə insan nəyəsə razıdırsa, susmamalıdır.

– Əsasən yaşlı nəsildən bəzi nümayəndələr bugünkü gəncliyi "top" atəşinə tutur. Səncə, bir az haqsız yanaşma deyilmi?

– Söhbət şair sinfinin yaşlısı və gəncindən gedirsə, məncə bu birmənalı deyil. Mətbuatdan izlədiyim qədəriylə indiki dövrdə yaşlı və gənc nəsil arasında cəbhə xətti yaranıb. Hər iki tərəf, xüsusilə gənc nəsil cəbhəsi zaman-zaman atəşkəsi pozur. Dərhal da qarşı tərəf cavab məqaləsiylə susdurulur. Fəqət subyektiv olaraq, mən çox vaxt yaşlı nəslə haqq verirəm. Çünki onlara silah çəkənlərin heç də həmişə darağı dolu olmur. Yazılarını, şeirlərini oxuyanda həqiqətən görürsən ki, ağsaqqallar düz deyir. Onların istedadlı gənc şairlər haqqında  müsbət fikir bildirdiklərinin də şahidi olmuşam.    

– Əsl insan üçün vicdan əvəzsiz bir nemətdir. Amma vicdan çox vaxt insanı arzularından məhrum eləyir. Sənin vicdan haqqında assosiasiyaların nədir?

– Tamamilə razıyam. Lakin vicdan anlayışı da rakursa görə dəyişir nə yazıq ki. Bir çoxu öz doğrularını vicdan adlandırır. Və o insanlar üçün onların vicdanı arzuları üçün məhdudiyyət yaratmır. Ancaq mənim vicdan anlayışım məni həqiqətən də bir çox arzumdan məhrum edib. Görünür mənim doğrularım vicdanın əsl tərifinə yaxındır.

– Dost səni nə üçün seçib?

– Əslində dost məni yox, mən dostlarımı seçmişəm. Və əgər sualı dəyişib “Sən dostu nə üçün seçmisən” kimi etsək, cavab verə bilərəm. Mən onları həmin yaşdakı keyfiyyət anlayışıma əsasən seçmişəm. Belə ki, qonşuluqdan sinif otağına, universitet auditoriyasından kazarmaya, oralardan da bu günə kimi dost siyahısında xeyli dəyişikliklər oldu. Bu dəyişiklik, ixtisar və əlavə nisbətində tərs mütanasiblik təşkil etdi. Və bəlkə də, beş-altı ildir ki, sakitlikdir. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ