RU
“Gəncə - MDB Mədəniyyət Paytaxtı 2017” beynəlxalq layihənin rəsmi açılışı olub
12:51
1123

“Gəncə - MDB Mədəniyyət Paytaxtı 2017” beynəlxalq layihənin rəsmi açılışı olub

Açılış mərasimindən öncə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri qoyulub. Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Tədbirdə Gəncənin tarixini, mədəniyyətini, sosial - iqtisadi həyatını əks etdirən film nümayiş olunub.

Rəsmi hissədə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun idarə heyətinin həmsədri, Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycanın dövlət və hökumət nümayəndələri, Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin, yerli və xarici qonaqlar iştirak ediblər.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev mərasimi açaraq qonaqları dahi Azərbaycan şairi Nizami Gəncəvinin yurdunda görməkdən məmnun olduğunu bildirib.Şəhər rəhbəri tədbir iştirakçılarını Azərbaycan xalqının adət və ənənələrlə zəngin el şənliyi, "Novrzu bayramı” münasibəti ilə təbrik edib.  İcra başçısı vurğulayıb ki, 2016-cı ilin sentyabr ayının 16-da Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Müstəqil Dövlətlər Birliyinin dövlət başçıları şurasının 25-ci yubiley sammitində Gəncə şəhərinin 2017-ci ildə MDB-nin Mədəniyyət Paytaxtı olması xəbəri gəncəlilər tərfindən böyük sevinc və ruh yüksəkliyi ilə qarşılanıb.

Elmar Vəliyev "Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı – 2017” layihəsinin açılış mərasimində iştirak dən qonaqların diqqətinə çatdırıb ki, Gəncə bu gün yalnız Azərbaycanın ikinci böyük şəhəri deyil, həm də çoxəsrlik tarixi keçmişi, zəngin mədəniyyəti və dahi şəxsiyyətləri ilə seçilən, eləcə də müasir dövrümüzdə respublikada gedən sürətli inkişafa öz töhfələrini verən ən önəmli mədəni mərkəzlərdən biridir. Əsrlərlə fərqli sivilizasiyaların bir-birinə qovuşduğu məkanda yerləşən Gəncənin mədəni dəyərləri elə bu cür qarşılıqlı mühitdə formalaşaraq inkişaf edib. İcra başçısı xüsusi qeyd edib ki, bu vaxta qədər bir sıra beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən Gəncə MDB-nin Mədəniyyət Paytaxtı titulunu da şərəflə daşıyacaq və layihə çərçivəsində mühüm tədbirlər həyata keçiriləcək.  

MDB iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin həmsədri, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvidkoy çıxışında bildirib ki, Gəncə SSSR vaxtı əsasən sənaye mərkəzi kimi tanınsa da, şəhərin tarixi, elm və incəsənəti daim inkişaf edib. Gəncə tarixən görkəmli şəxsiyyətləri, alimləri, sərkərdələri və müsiqiçiləri ilə də fərqlənib. Şvidkoy Mixail Yefimoviç Gəncənin dünyaya Nizami Gəncəvi kimi dahi şəxsiyyət bəxş etdiyini deyərək, elə bu göstəricinin şəhərin mədəniyyət paytaxtı olmasına kifayət etdiyini deyib. Xüsusi nümayəndə Şvıdkoy Gəncənin nəinki MDB-nin, dünyanın mədəniyyət paytaxtı adına layiq olduğunu vurğulayıb.

MDB İcraiyyə Komitəsinin Humanitar əməkdaşlıq, ümumsiyasi və sosial problemlər Departamentinin direktor müavini Amoncan Eşankulov təbriklərini çatdırıb, 2011-ci ildən hər il müxtəlif şəhərlərin bu statusu əldə etdiyini, lakin Gəncənin bu adı daha layiqli şəkildə daşıyacağına əmin olduğunu bildirib. O, Gəncənin qədim adət-ənənələri saxlamaqla müasir üslubda inkişaf edən şəhər olduğunu söyləyib. Amoncan  Eşankulov Gəncənin qədim "İpək yolu" üzərində yerləşən şəhər olduğunu, buranın xalça və ipəyinin məşhur olduğunu da diqqətə çatdırıb.

GDU-nun prorektoru, millət vəkili Pərvin Kərimzadə,  AMEA-nın Gəncə bölməsinin elmi katibi, akademik Fuad Əliyev də tədbirdə çıxış edərək Gəncənin elm, təhsil, mədəniyyət sahələri  və dahi şəxsiyyətləri barədə danışıblar. Bildirilib ki, Gəncə dünyaya tolerantlıq və multikulturalizim ənənələrini bəyan edən Nizami Gəncəvinin vətənidir. Gəncə orta əsrlərdə şərq aləmində hüquqsuz qadın haqqında danışılanda gender bərabərliyini sübut edən Məhsəti Gəncəvinin şəhəridir. Şəhər ziyalıları bildirib ki, 2016-cı il üçün Avropanın Gənclər Paytaxtı olan Gəncə son illər bir sıra beynəlxalq layihələrə ev sahiblik edərək bu layihələrin uğurla həyata keçirilməsində fərqlənib.

Sonra Gəncə şəhərinə 2017-ci il MDB-nin Mədəniyyət Paytaxtı Sertifikatının təqdimetmə mərasimi olub. Sertifikat Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevə təqdim edilib. Elmar Vəliyev "Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı – 2017” loqosunu və üzərində dahi Azərbaycan şairi, filosov Nizami Gəncəvinin portreti olan xalçanı MDB iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin həmsədri, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvidkoya və rəhbərlik etdiyi nümayəndə heyətinin hər birinə, eləcə də Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxinə hədiyyə edib.

Daha sonra  2016-cı ildə idman sahəsində əldə etdiyi uğurlara görə Gəncə idmançıları təltif olunub. Onlarla xatirə şəkilləri çəkdirilib. Layihənin açılışından sonra qonaqlar Heydər Əliyev Park Kompleksində Novruz bayramı münasibəti ilə keçirilən ümumşəhər tədbirində iştirak ediblər.

"Gəncə Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı – 2017” beynəlxalq layihəsinin iştirakçılarını rəmzi olaraq Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh və Cavad xan obrazları qarşılayıb. Ozan baba və Bahar qızı tədbir iştirakçılarını "Novruz bayramı” münasibəti ilə təbrik edərək xalqımıza əmin amanlıq, sülh, bol ruzi bərəkət arzu ediblər. Bayram tonqalı çatıldıqdan sonra tədbir iştirakçıları Heydər Əliyev Park Kompleksində Azərbaycan xalqının əsrlər boyu qoruyub-saxladığı mənəvi dəyərləri ifadə edən güşələrə, milli mətbəximizin və geyimlərimizin, xalq yaradıcılığının, el sənətkarlığının ən gözəl nümunələrinə tamaşa ediblər.

Şəhərin rəqs kollektivlərinin rəngarəng rəqsləri, peşəkar musiqiçilərin Azərbaycan xalqının ən qədim musiqi alətlərində ifası şənlik iştirakçıları tərəfindən maraqla qarşılanıb. "Məhsətinin ürfan məclisi” meydan tamaşası, Gəncə Musiqi Kollecinin xor kollektivinin, Gəncə Dövlət Filarmoniyasının xalq çalğı alətləri ansanbılı və solistlərinin, Gəncə Dövlət Kamera Orkestrı solistlərinin ifaları, milli rəqs nömrələri qonaqlar tərəfindən alqışlarla qarşılanıb.  Heydər Əliyev Park Kompleksində tədbir iştirakçıları cizgi filimlərinin qəhrəmanlarının rəqsinə tamaşa edib.

Gəncə şəhər uşaq bağçalarının kollektivləri onlar üçün ayrılmış güşədə maraqlı rəqs nömrələri ilə qonaqları salamlayıblar. Qonaqlar təsviri sənət əsərlərindən ibarət sərgi ilə tanış olublar.  Qonaqlar tədbirdə Azərbaycan kətəsinin, təndir çörəyinin, mürəbbələrinin, şirniyyatlarının, plovlarının və dolmalarının dadına baxıblar. Tədbir iştirakçılarına Gəncənin tarixi, mədəniyyəti, ərazisini, dahi xadimlərini özündə əksetdirən rəsm sərgisi nümayiş edilib. Bununla yanaşı, samavar, çirəliqab, mejmayi, səhənglərdən ibarət əşyaların sərgisi qonaqların diqqətini çəkib.

Günün ikinci yarısında isə "Gəncə MDB-nin Paytaxtı - 2017” beynəlxalq layihənin rəsmi açılışına həsr olunmuş yerli və MDB ölkələrindən gəlmiş tanınmışların iştirakı ilə konsert  keçirilib.

Konsertdən sonra qonaqlar Azərbaycanın dilbər güşəsi olan "Göygöl"ə səfər ediblər.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ