RU
Gəncə seçiciləri: biz “hə” deyirik!
10:15
1262

Gəncə seçiciləri: biz “hə” deyirik!

İyulun 26-da Prezident cənab İlham Əliyev sərəncam imzalayaraq Azərbaycan Respublikasının Konstitusiya Aktına dəyişikliklər edilməsi məqsədilə bu il sentyabrın 26-na referendum təyin edib. "Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu Seçki Qərargahının Gəncə şəhər şöbəsinin Tədbirlər Planına uyğun olaraq, bu gün YAP Gəncə şəhər Təşkilatında geniş tədbir keçirilib. Tədbirdə  millət vəkilləri Naqif Həmzəyev, Pərvin Kərimzadə, ziyalılar,veteranlar, partiya fəalları, gənclər və ictimaiyyət nümayəndələri yüksək əhval-ruhiyyə,böyük mütəşəkkillik və coşqu ilə iştirak ediblər.

"Həmrəy olaq, hə deyək!” devizi ilə keçirilən tədbiri giriş sözü ilə Seçki Qərargahı Gəncə şəhər şöbəsnin sədri, millət vəkili Naqif Həmzəyev açaraq, iştirakçıları salamlayıb, çox mühüm, məsul kampaniyanın başlanması münasibəti ilə təbrikini bildirib.O, ulu öndər Heydər Əliyev siyasi kursunun sədaqətli davamcısı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə son 13 ildə qazanılan möhtəşəm uğurlardan, demokratik dövlət quruçuluğu prosesində geniş islahatlardan, ölkəmizin dünya miqyasında artan nüfuzundan, bütün sahələrdə sürətli tərəqqidən, regionların inkişafı fonunda qədim və müasir Gəncənin də yeni mərhələdəki intibahından, gündən-günə çiçəklənməsindən və gözəlləşməsindən bəhs edib.

Naqif Həmzəyev bildirib ki, müasir dövrün tələblərinə uyğun, ali qanunlara olunan düzəliş və əlavələrlə ifadə olunan ümumxalq səsvermələri (referendumlar) ölkələrin ictimai, siyasi, demokratik həyatında tarixi hadisə kimi böyük əhəmiyyət daşıyır. Prezident cənab İlham Əliyevin imzaladığı Sərəncama əsasən 26 sentyabrda keçiriləcək ümumxalq səsverməsi ölkəmizin siyasi həyatına, idarəetmə orqanlarının fəaliyyətinə təsir imkanları baxımından zəruridir və ölkəmizin sürətli tərəqqisinə, insanların daha firavan həyatına dəyərli töhfələrini verəcək.

Onu da qeyd etmək vacibdir ki, təklif olunan 23 dəyişikliyin 16-sı insan hüquq və azadlıqlarının qorunması mexanizminin təkmilləşdirilməsi ilə bağlıdır.Göründüyü kimi, ”Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” deyən möhtərəm Prezidentimizin yorulmaz, fədakar fəaliyyətinin,sərəncam və göstərişlərinin əsas meyarı Azərbaycan vətəndaşlarının maraqları, mənafeyi, ölkəmizin dünya miqyasında qüdrətlənməsi, sürətli tərəqqisidir.

Gəncəyə və gəncəlilərə daim rəğbətlə, diqqətlə, qayğı ilə yanaşan ölkə Prezidenti cənab İlham Əliyevin fəaliyyətini dəstəkləyən, bütün siyasi kampaniyalarda mütəşəkillik, coşqu və iradə nümayiş etdirən seçicilərin bu siyasi kampaniyada da fəallığına əmin olan Naqif Həmzəyev bütün seçiçiləri təbliğat kampaniyasında fəal iştirak etməyə səsləyib və uğurlar arzulayıb.

YAP Gəncə şəhər Təşkilatı Qadınlar Şurasının sədri, millət vəkili Pərvin Kərimzadə çıxış edərək dedi:” Ətrafımızda sürətli inkişaf gedir, zaman dəyişir və biz də zamanla birlikdə dəyişirik. Dövlət və siyasi-ictimai, sosial münasibətlər də inkişaf etdikcə, bu münasibətləri tənzimləyən hüquq normaları da dəyişməli və mövcud şəraitə uyğunlaşdırılmalıdır”. O, Konstitusiyanın 68-ci maddəsində edilən dəyişikliklərə diqqət çəkərək  bildirib ki, hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır.Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır.

İrəli sürülən müddəalarda Prezident cənab İlham Əliyevin dəfələrlə dediyi kimi, "Dövlət məmuru – xalqın xidmətçisi olmalıdır” sözlərinin hüquqi müstəvidə reallaşmasını görürük. Dəyişiklik və əlavələr vətəndaşların dövlət məmurlarının özbaşınalıq, qanuna zidd davranışlarından qorunmasına əlavə təminat yaradır. Yeni müddəalar ölkədə aparılan siyasi və idarəçilik islahatlarının Konstitusiyada möhkəmləndirilməsi kimi qəbul edilməlidir.

Təşviqatçılardan ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov,Gəncə Dövlət Universitetinin dosentləri Hüseyn Bəxtiyarov, Ceyhun Hüseynov, ADAU-nun müəllimi Sevda Abdullayeva və başqaları  çıxışlarında  vurğulayıblar ki, dövlət idarəçiliyinin daha səmərəli və keyfiyyətli fəaliyyətinin təminatına yönələn Konstitusiya dəyişiklikləri  dünyanın ən müasir, modern tələblərini özündə ehtiva edir, Azərbaycanın sürətli inkişafına, xalqın daha firavan həyatına hədəflənib. Möhtərəm Prezident cənab İlham Əliyevin bütün təşəbbüslərinin  xalq tərəfindən hər zaman dəstəkləndiyi kimi, bu dəfə də xalqımız ölkə başçısının ətrafında olacaq və bu siyasi kampaniyada həmrəylik nümayiş etdirəcək.

Photo:

Photo:

Photo:

Photo:

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ