RU
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı MDB-nin nümayəndə heyəti ilə görüşüb
00:44
1320

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı MDB-nin nümayəndə heyəti ilə görüşüb

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qonaqları Azərbaycanın qədim və zəngin mədəniyyətə malik, dahi Azərbaycan şairi Nizami Gəncəvinin yurdu olan Gəncədə görməkdən məmnun olduğunu bildirib. Şəhər rəhbəri qonaqlara Gəncənin sosial-iqtisadi vəziyyəti, təhsil ocaqları, eləcə də mədəni həyatı barədə məlumat verib. Elmar Vəliyev bildirib ki, Gəncə şəhərində 50-ə yaxın ümumtəhsil məktəbi fəaliyyət göstərir və onlardan 4-də rus dili tədris olunur. Şəhərdə 3 ali təhsil ocağı, peşə məktəbləri və liseylər fəaliyyət göstərir. Eyni zamanda şəhər sosial-iqtisadi inkişafı ilə də fərqlənir. Det-Al Alüminium Zavodu, Gəncə Avtomobil İstehsalat Birliyi və s. şəhər iqtisadiyyatının əsasını təşkil edir. Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə heyətinin həmsədri, Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Şvidkoy Mixail Yefimoviç rəhbərlik etdiyi nümayəndə heyəti adından səmimi qəbula görə icra başçısına minnətdarlıq bildirib. Mixail Yefimoviç deyib ki, Müstəqil Dövlətlər Birliyinin mədəniyyət paytaxtı bir illiyə seçilir. Ötən il MDB-nin mədəniyyət paytaxtı Türkmənistanın Daşoğuz şəhəri olub. Artıq həmin titul Gəncə şəhərinə keçib və bununla bağlı tədbirlər planı təsdiqlənib. 2017-ci ildə Azərbaycanda hökumətlərarası mədəniyyət paytaxtı proqramının icrası həyata keçiriləcək. İdarə heyətinin həmsədri qeyd edib ki, bu proqramın icrası gələcək əməkdaşlıq və səmərəli fəaliyyət baxımından öz səmərəsini verəcək. Görüşün yekununda qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ