2015-ci ildə Gəncə şəhərinin sosial-iqtisadi inkişafının yekunları və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
7news.Az-a daxil olan məlumata görə, prezidenti İlham Əliyevin Gəncəyə tarixi səfərindən, eləcə də 2015-ci ildə qazanılmış uğurlardan bəhs edən videoçarxın nümayişindən sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev hesabat məruzəsi ilə çıxış edib. İcra başçısı Elmar Vəliyev deyib ki, artıq tarixə dönmüş 2015-ci il dünyada davam edən iqtisadi böhranla müşayiət olunsa da, Azərbaycan üçün ötən ili bütün sahələrdə hərtərəfli inkişaf və tərəqqi, eyni zamanda vətəndaşlara qayğı və diqqətin daha da artırılması ili kimi dəyərləndirmək olar. Bunu Gəncənin də timsalında görmək mümkündür. Belə ki, əvvəllər olduğu kimi 2015-ci ildə də bütün sahələr üzrə göstəricilər yüksəlib, infrastruktur layihələri uğurla davam etdirilib. Nəticədə keçən il ümumdaxili məhsul istehsalının həcmi 1,0 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi 8,4 faiz, kənd təsərrüfatı 6,6 faiz artıb.
Ölkə iqtisadiyyatının dinamik inkişafı, Gəncə şəhərinin də sosial-iqtisadi həyatını xeyli canlandırıb. Şəhər İcra Hakimiyyəti ölkə prezidenti İlham Əliyevin siyasi kursunu gündəlik fəaliyyətində rəhbər tutaraq, şəhərin ictimai-siyasi, sosial-iqtisadi həyatında uğurlara nail olunması üçün əməli işlər görmüş və təşkilati tədbirlər həyata keçirib. Nəticədə ümumdaxili məhsul istehsalı 2,7 faiz, yəni 22,6 milyon manat artaraq 846,6 milyon manata çatıb. İstehsal olunan məhsulun 74 faizi qeyri-dövlət bölməsində istehsal olunmaqla 2014-cü illə müqayisədə 5,5 faiz artıb. İstehsal olunan məhsulun 63,7 faizi respublika daxilində, 36,3 faizi Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrə ixrac olunub. İqtisadiyyatda dinamik inkişaf şəhərin sosial-iqtisadi həyatını xeyli canlandırıb.
Hesabat məruzəsində o da vurğulanıb ki, 2016-cı il Gəncə üçün daha əlamətdar olacaq. 2016-cı il Avropa Gənclər Paytaxtı seçilmiş Nizami yurdunda bir sıra layihələrin icrası nəzərdə tutulub.
Hesabat yığıncağında çıxış edən Prezident Aparatının məsul işçisi Vəfadar Bağırov Gəncədə aparılan uğurlu işləri şəhər rəhbərliyinin təşkilatçılığı və gəncəlilərin öz şəhərlərinə olan böyük məhəbbəti kimi dəyərləndirib.
Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikası prezidentinə müraciət qəbul olunub.
7news.Az












