RU
Gəncədə Mir Cəlal Paşayevin anadan olmasının 109-cu ildönümü ilə bağlı tədbir keçirilib
16:00
845

Gəncədə Mir Cəlal Paşayevin anadan olmasının 109-cu ildönümü ilə bağlı tədbir keçirilib

Gəncə şəhər İcra Hakimiyyətinin təşəbbüs və təşkilatçılığı ilə elm xadimi Mir Cəlal Paşayevin Gəncədəki ev müzeyində xatirə gecəsi keçirilib. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycan Milli Aviasiya Akademiyasının Hüquq kafedrasının müdiri, hüquq elmləri üzrə Dissertasiya Şurasının sədri, professor İbrahim Quliyev, şəhər ziyalıları və KİV nümayəndələri iştirak edib.

İcra başçısı Elmar Vəliyev görkəmli elm xadimi, professor Mir Cəlal Paşayevin həyat və yaradıcılığına nəzər salıb. Bildirib ki, Mir Cəlal Paşayevin bədii və elmi irsinin, zəngin yaradıcılığının Azərbaycan ədəbiyyatında xüsusi yeri var. İstedadlı qələm ustası olan Mir Cəlal Paşayev Azərbaycanın ədəbiyyat xəzinəsini öz nəsr əsərləri ilə daha da zənginləşdirib.

Onun ədəbiyyat nəzəriyyəsinə dair araşdırmaları, xüsusilə məşhur "Ədəbiyyatşünaslığın əsasları” dərsliyi Azərbaycan filoloji mühitində diqqətəlayiq yer tutur. Ədibin "Klassik irs və müasirləri”mizə dair məqalələri, monoqrafik tədqiqatları, "Azərbaycanda ədəbi məktəblər" mövzusunda yazdığı doktorluq dissertasiyası, "Füzuli sənətkarlığı”, "Cəlil Məmmədquluzadə realizmi haqqında” və s. bu kimi əsərləri onun ədəbi-nəzəri düşüncə ilə ardıcıl və sistemli şəkildə məşğul olmasını təsdiqləyən çox ciddi faktlardır.

Azərbaycan Milli Aviasiya Akademiyasının professoru İbrahim Quliyev vurğulayıb ki, Mir Cəlal Paşayev 1908-ci ildə Əndəbil kəndində doğulsa da kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığı burada keçib. Mir Cəlal Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darülmüəlliminə daxil olmuşdur (1924–28). Tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri seçilib (1926–1927).

Qeyd edib ki, Əməkdar elm xadimi 1928-ci ildən ədəbi fəaliyyətə başlayıb. "Kommunist” qəzetində şöbə müdiri, "Gənc işçi” qəzetində məsul katib, həm də Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi olub (1932–1935). Azərbaycan Dövlət Universitetində dosent, 1948-ci ildən professor kimi fəaliyət göstərib.

AMEA-nın Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev əmisinin Mir Cəlal Paşayevlə bağlı ona danışdığı xatirələri tədbir iştirakçıları ilə bölüşüb. Mir Cəlal Paşayevin həyatı boyu ədəbiyyatımızı tədqiq edən alim kimi Azərbaycan ədəbiyyatı nəzəriyyəsininin də yaradıcısı hesab olunduğunu bildirib.

Azərbaycan ədəbiyyatının və elminin görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin anadan olmasının 109-cu ildönümünə həsr edilən tədbirdə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri və solistləri musiqi proqramı ilə çıxış ediblər.
 
7News.az
 




BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ