Özbəkistandakı azərbaycanlı gənclər Azərbaycana dəstək məqsədi ilə Azərbaycanın Özbəkistandakı Səfirliyinə toplaşıblar.
Onlar Azərbaycan Səfirliyinə müraciət edərək ölkəmizin ərazi bütövlüyü, işğal olunmuş torpaqların azad edilməsi yolunda döyüşməyə hazır olduqlarını bəyan etmişlər.
Səfirlikdə azərbaycanlı gənclərlə Səfir Hüseyn Quliyev görüşmüşdür.
Səfir belə çətin və şərəfli gündə soydaşlarımızın ölkəmizlə həmrəylik nümayiş etdirilməsini qürurverici olduğunu bildirib. O, hələ ki, könüllülərə ehtiyac olmadığını, Azərbaycan ordusu ona verilən tapşırıqların öhdəsindən peşəkarlıqla gələ bildiyini qeyd etdi. Ermənilərin son təxribatı, təmas xəttində dinc əhaliyə qarşı ağır silahlardan istifadə etməsi, Azərbaycan torpaqlarını işğal etməsi və işğal zonasında status-kvonu qoruyub saxlamasına cəhd etməsini kəskin pisləyən diplomat dünya dövlətlərinin, beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə etdiyini bildirib.
Səfir Prezident İlham Əliyevdən sitat gətirib: "Əgər erməni əsgəri ölmək istəmirlərsə, onda Azərbaycan torpaqlarından rədd olsunlar.
Daha sonra gənclər Ramil Balakişiyev, Fariz Səfərov, Rəna Əzizova çıxış edərək ana Vətən Azərbaycana həmrəylik nümayiş etdirmişlər. Gənclər erməni işğalına qarşı bir sıra şüarlar səsləndirdilər.
Qeyd edək ki, Özbəkistanın müxtəlif şəhərlərində Səmərqənd, Sırdərya, Nəvai şəhərlərində yaşayan soydaşlarımız Səfirliyə telefon edərək dəstək ifadə etdiklərini və könüllü olaraq cəbhəyə döyüşlərə yazılmaq istədiklərini bildirmişlər.








