RU
“Gənclər Fondu böyük uğurlara imza atır” - Samir Pənəliyev
20:08
1382

“Gənclər Fondu böyük uğurlara imza atır” - Samir Pənəliyev

Müsahibimiz gənc fəal Samir Pənəliyev Laçın rayonunun Qovşuq kəndində anadan olub. 

Fəaliyyətinin əsasını milli-mənəvi dəyərlərin təbliği və gənclərin fərdi təşəbbüslərinin dəstəklənməsi təşkil edir.


- Bir tələbə olaraq, dərslərdən əlavə hansı ictimai fəaliyyətlə məşğul olursunuz?


- Bir müddət əvvəl Azərbaycan Gənclər Fondunun elan etdiyi 8-ci qrant müsabiqəsində C kateqoriyası üzrə "Etika və ictimai davranış mədəniyyətinin təbliği" layihəsi ilə qalib olmuşam. "Etika və ictimai davranış mədəniyyətinin təbliği" adlı layihəm qalib gəldi. Bu istiqamətdə müxtəlif tədbirlər, o cümlədən Bakının Xətai rayonundakı Zığ qəsəbəsində 28 saylı tam orta məktəbdə maarifləndirici tədbirlər həyata keçirdik. Tədbirlər haqqında mediada geniş informasiyalar ilə çıxış etdik.


-Məhz bu cür etika mövzusundakı layihəni həyata keçirməkdə məqsədiniz haqqında məlumat verə bilərsinizmi?


- Qeyd edim ki, həm yeniyetmələrin, həm də ümumiyyətlə gənclərin ictimaiyyətdəki davranışları, etik hərəkətlərini daim müşahidə edirəm. Bir gənc olaraq gördüklərimdən çıxardığım nəticə budur ki, bu sahədə maarifləndirici tədbirlərə, etik mədəniyyətin gənclərə aşılanmasına ciddi ehtiyac var. Düzdür, həm təhsil ocaqları, həm media bu məsələyə xüsusi diqqət ayırır. Amma mən də bir gənc tələbə olaraq öz biliyimi və təcrübəmi digər gənclərlə bölüşməyi, bu sahədə həm özümü inkişaf etdirməyi, həm də digərlərinə nümunə olmağı qarşıma məqsəd qoydum.


-Dövlətimizin gənclər siyasəti haqqında nə demək istərdiniz? Bu siyasət sizi qane edirmi?


- Dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunan gənc nəsil hazırda cəmiyyətin aparıcı qüvvəsinə çevrilib. Azərbaycanda gənclərin potensialının üzə çıxması üçün hər cür şərait var. Bu isə ilk növbədə onunla bağlıdır ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bu siyasətin icra olunmasında isə Gənclər Fondu böyük uğurlara imza atır və gənclərə özlərini yetişdirmələri üçün hər cür şərait yaradırlar. Yeniyetmə və gənclərimiz də bu etimadı doğrultmalı, cəmiyyətdə sağlam mövqe tutmaq istəyirlərsə, milli ideologiyamızı dərindən mənimsəməli, etik qaydalara riayət etməli, özlərinin mədəni səviyyələrini artırmağın qeydinə qalmalıdırlar. 


-Son olaraq nə demək istərdiniz?


- Qeyd etmək istərdim ki, bu kimi layihələrin davamını arzu edir və gələcəkdə də bu cür maarifləndirici istiqamətdə çalışmağı arzu edirəm. Xüsusilə Gənclər Fondunun icraçı direktoru cənab Fərhad Hacıyevə öz təşəkkürümü bildirirəm ki, biz gənclərin ictimai fəaliyyətinə bu cür şərait və imkan yaradır. Bu istiqamətdə Gənclər Fondunun gələcək layihələrində də iştirak etməyi və gənclər üçün daha da maarifləndirici tədbirlər keçirməyi qarşıma hədəf qoymuşam. İnanıram ki, gənclərin bu istiqamətdə maarifçi fəaliyyəti işğal altında olan torpaqlarımızın daha tez azad edilməsi yolunda ideoloji təkanverici bir qüvvə olacaqdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ