Millət vəkili Qənirə Paşayeva Türkiyənin Celal Bayar Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb və gəncləri sosial şəbəkələrdə Azərbaycan həqiqətlərinin geniş yayılmasında daha fəal olmağa çağırıb.
Universitet rəhbərliyinin iştirakı ilə keçən görüşdə millət vəkili ilk öncə tələbələrin təhsilləri, çətinlik və problemləri ilə maraqlanıb və bu istiqamətdə fikir mübadiləsi aparılıb.

Millət vəkili Azərbaycan, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə daha geniş çatdırılması, qondarma “erməni soyqırımı” yalanlarına qarşı mübarizədə gənclərin üzərinə böyük vəzifələr düşdüyünü deyib və sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə çağırıb: “Hər birinizin oxuduğunuz universitetdə Türkiyədən və müxtəlif xarici ölkələrdən dostlarınız var və eyni zamanda, sosial şəbəkələrdə çoxlu xarici dostlarınız var. Onlarla ünsiyyətdə Azərbaycan, Qarabağ həqiqətləri barədə daim məlumatlar vermək, gerçəkləri çatdıqmaq lazımdır”, – deyən millət vəkili gəncləri bu istiqamətdə daha fəal olmağa çağırıb.
Qənirə Paşayeva tələbələri virtual məkanın imkanlarından geniş istifadə etməyə səsləyib və bu məkanın gücündən necə istifadə edərək daha güclü təbliğat aparma yollarından danışıb.

Millət vəkili bildirib ki, artıq bəzi tələbələrlə və Azərbaycanlı Tələbələri cəmiyyəti rəhbərliyi ilə söhbətinin nəticəsi olaraq tələbələrin bəzi tədbirlərinin keçirilməsinə dəstək göstərilməsi və eyni zamanda bəzi imkansız tələbələrin üzləşdiyi müəyyən çətinliklərlə bağlı məsələləri Universitetin rəhbərliyi ilə yanaşı Manisa, Salihli bələdiyyəsi və valiliyi ilə görüşlərdə də müzakirə edib və xahişlər edib.
Onlar da “Hər zaman azərbaycanlı tələbələr rahatlıqla bizə müraciət etsinlər, əlimizdən gələn dəstəyi hər zaman göstərməyə hazırıq. Onlar bizə Azərbaycanın əmanətləridir" dedilər.
Tələbə Cəmiyyəti rəhbərliyi gördükləri işlərlə yanaşı 31 Dekabr Dünya AzərbaycanlılarınınHhəmrəylik Günü və qarşıdan gələn Xocalı Soyqırımının növbəti ildönümü ilə bağlı universitetdə geniş tədbirlər hazırladıqları ilə bağlı məlmatlar verərək bu istiqamətdə millət vəkilindən müəyyən dəstək göstərilməsini xahiş ediblər.
Q.Paşayeva universitetdə bu kimi tədbirlərin keçirilməsinin önəmini xüsusi vurğulayaraq əlindən gələn dəstəyi hər zaman göstərməyə hazır olduğunu bildirib.
Görüşün sonunda bir sıra tələbələrə millət vəkili müəllifi olduğu “Karabağ hikayeleri” kitabını imzalı şəkildə hədiyyə edib.

7news.az








