RU
Gənclər üçün Təhsil Mərkəzi 2016-cı ildəki fəaliyyətinə dair  illik hesabatını təqdim etdi
16:34
480

Gənclər üçün Təhsil Mərkəzi 2016-cı ildəki fəaliyyətinə dair illik hesabatını təqdim etdi

Bu gün fəal gənclər təşkilatlarından biri olan Gənclər üçün Təhsil Mərkəzi 2016-cı  ildəki fəaliyyətinə dair illik hesabatını təqdim edib.
 
Bu məqsədlə mətbuat nümayəndələri  qarşısında Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə hesabatı dinlənilib. Bildirib ki, Mərkəz ənənəvi olaraq, başa çatmış ildə gördüyü işlərə qiymət vermək, fəaliyyətində  şəffaflığı təmin etmək, o cümlədən yeni ildə qarşıda duran vəzifələr barədə ictimaiyyəti məlumatlandırmaq məqsədilə bu formatda toplantılar təşkil edir.
 
Daha sonra Mərkəzin illik hesabatı dinlənilmişdir. Bildirilmişdir ki, Mərkəz ötən  illərdə olduğu kimi 2016-cı ildəki fəaliyyətini əlaqələndirmək məqsədilə Bakı, Gəncə,  Mingəçevir, Qarabağ (Ağcabədi), Quba və Şirvan regional ofislərinin imkanlarında istifadə  etmişdir. Mərkəz əhatə dairəsini genişləndirmək məqsədilə 2016-cı il Azərbaycanın  "Gənclər Paytaxtı” seçilmiş Şəmkir rayonunda da nümayəndəliyinik yaratmışdır.
 
Qeyd olunmuşdur ki, Mərkəz ötən il ərzində "2015-2025-ci illərdə Azərbaycan  Gənclərinin İnkişaf Strategiyası”nın prioritet istiqamətlərinə uyğun olaraq, ümumi sayı 123  olmaqla 35 iri və 88 kiçik miqyaslı layihə həyata keçirmişdir. Sözügedən layihələrin  maliyyələşdirilməsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan  Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Unicef Bakı Ofisi, Avropa  İttifaqının "Gənclər fəaliyyətdə” Proqramı və digər qurumlarla əməkdaşlıq etmişdir.  Layihələr Azərbaycanın 35-dən çox şəhər və rayonunda həyata keçirilmiş, ümumilikdə 10  min nəfərdən çox insana təsir etmişdir.   Hesabat dövründə "Multikulturalizm ili” çərçivəsində Quba, Qusar, Xaçmaz və  Şabran rayonlarında "Multikultural marafon” adlı kampaniya həyata keçirilmiş, Azərbaycanın multikultural dəyərlərə əsrlərdən bəri mühüm yer verildiyi, ölkəmizin  tolerantlıq ənənələri və mədəni dəyərləri təbliğ olunmuşdur.
 
 İl ərzində gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə ardıcıl iş  aparılmış, müxtəlif tədbirlər həyata keçirilmişdir. Qanlı Yanvar, Xocalı soyqırımı, eyni  zamanda Qarabağ münaqişəsi haqqında real faktların dünya ictimaiyyətinə çatdırılması  məqsədilə sosial şəbəkələrdə 5 dildə (ingilis, rus, alman, fransız, türk) virtual aksiyalar təşkil  olunmuş, təbliğat işi aparılmışdır. Göstərilənlərlə yanaşı, gənclər arasında Qarabağla bağlı  silsilə intellektual bilik yarışları keçirilmiş, 31 Mart azərbaycanlılarının soyqırımı günündə  yeniyetmə və gənclərin Quba məzarlığına yürüşü təşkil edilmişdir.  Gənclərin rəqabətə davamlılığını təmin etmək və onların beynəlxalq aləmdə  Azərbaycanın maraqlarını müdafiə etməsinə şərait yaratmaq məqsədilə beynəlxalq  əməkdaşlığa üstünlük verilmişdir. Avropa Gənclər Klubları Konfederasiyasının tamhüquqlu  üzvü olan Mərkəz vasitəsilə 50-ə qədər gənc müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycanı  təmsil etmişdir. Avropa İttifaqının "Erasmus+ proqramı çərçivəsində də çoxlu sayda gənc  müxtəlif təlim, konfrans və forumlarda iştirak etmişdir. 2016-cı il ərzində Mərkəzin icraçı  direktoru Fəxrəddin Həsənzadə Avstriya Təhsil Nazirliyi yanında Təhsildə Bərabərlik  Koalisiyasının idarə heyətində təmsil olunmuşdur.  Region gənclərinin məşğulluğunun artırılması, gənclər arasında peşə təhsilinin  stimullaşdırılması məqsədilə regionlarda Peşə Təhsili üzrə Regional Məsləhət Xidməti və  Karyera Planlama Xidməti fəaliyyət göstərmiş, Quba rayonunda gənclər üçün Biznes  Planlama Xidməti yaradılmışdır. Həmçinin Samux rayonunda xidmətimizdən yararlanan  gənc xanımlar tərəfindən Moda Evi , Füzüli rayonunda gənc xanımların peşə bacarıqlarının  artırılması üçün bərbər və dərzi kursları, Ağcabədi rayonunda aztəminatlı ailələrin qız  övladları üçün tikiş və toxuculuq kursu fəaliyyətə başlamışdır. Aqrar təsərrüfat ilə məşqul  olan gənclərin bu sahədə təcrübə və bacarıqlarının artırılması üçün Gənc Sahibkarların Quba  Forumu keçirilmişdir.  İl ərzində region gənclərinin problemlərinin öyrənilməsi, onların əlaqədar qurumlarla  birgə müzakirəsi və gənclərlə işin prioritet olması məqsədilə Gəncə və Mingəçevir  şəhərlərində, habelə Quba və Ağcabədi rayonlarında "Region Gənclərinin İnkişafına Dəstək  Forumu” keçirilmişdir.  2016-cı ildə gənclərin yaradıcılıq potensialının üzə çıxarılması və dəstəklənməsi  istiqamətində 4 regionda "Qızıl Payız” Gənclərin Yaradıcılıq Festivalı keçirilmiş, Gəncə  şəhərində gənc rəssam Elçin Cəfərovun rəsmləri nümayiş etdirilmiş, gənclər tərəfindən  Rəşid Behbudov və digər korifey musiqiçilərimizin xatirəsinə həsr olunmuş gecələr təşkil  olunmuşdur.  Gənclər arasında sağlam həyat tərzinin təbliği, onların sağlamlıq imkanlarının  artırılması istiqamətində də işlər davam etdirilmiş, Bakı şəhərinin 7 rayonunda  "Məktəblilərin Sağlamlıq Forumu”, Qarabağda uşaqlar üçün "Mobil göz klinikası” layihəsi,  Gəncə şəhərində isə "Əlil Tələbələrin I Forumu”, "Sağlam gənclik” kampaniyası  gerçəkləşdirilmişdir.  Ötən il Mərkəz region gəncləri arasında maarifçilik işinin təbliği, gənclərin bilik və  bacarıqlarının artırılması məqsədilə "Kitablar danışır” kitab festivalı, məktəblilərin  intellektual bilik yarışları, gənclərin ideya yarmarkaları keçirilmişdir.   Mərkəz ötən il gənclər arasında sosial məsuliyyətin artırılmasına yönəlmiş  proqramlara da üstünlük vermişdir. Belə ki, əlilliyi olan gənclərin təhsil imkanlarının  artırılması istiqamətində "Qarabağ inkluziv təhsil və uşaq inkişaf mərkəzi”, valideyn  himayəsindən məhrum olan uşaqlar üçün "Onların Kimsəsi Bizik”, "Ehtiyacın varsa götür”  aztəminatlı ailələrə yardım kampaniyası, daun sindromlu uşaqlar üçün təşkil olunan  "Qəlblərdə döyünən nar dənələri”, "Biz birik, Bərabərik, Həmrəyik” xeyriyyə aksiyalarını  da reallaşdırmışdır.  Hesabat dövründə Unicef Bakı Ofisi ilə birgə regionda yeniyetmə və gənclər  arasında hüquqların təbliğinə hesablanmış "Yuvenal Ədliyyə” layihəsinin icrasına  başlamışdır . Bu istiqamətdə 3 regionda Mingəçevir, Ağcabədi, Şirvanda Hüquq Klinikaları  yaradılmışdır. İl ərzində Mərkəzə 1000-dən çox müraciət daxil olmuşdur. Həmçinin uşaqlar  üçün ədliyyə mexanizmlərinin dəstəklənməsi proqramı çərçivəsində Ağcabədi rayonunda  Uşaq Hüquqları Məktəbi fəaliyyət göstərmişdir.
 
Mərkəz hər il olduğu kimi, 2016-ci ildə də "QHT Məktəbi”nin yaz və payız  təlimlərini davam etdirmişdir. Əsası 2002-ci ildə qoyulmuş və bu gün də davam edən  Məktəbin fəaliyyətinin daha da genişləndirilməsi məqsədilə ötən il Azərbaycan Turizm və  Menecment Universiteti ilə anlaşma memorandumu imzalanmış, təlimlərin birgə keçirilməsi  razılaşdırılmışdır. 2016-cı ildə "QHT Məktəbi” Füzuli, Gəncə, Quba, Ağcabədi və  Sumqayıtda da fəaliyyətə başlamışdır.
 
Gənc jurnalistlərin praktiki və nəzəri biliklərinin artırılmasını nəzrədə tutan və 23  dərsdən ibarət "MediaMan” jurnalistika məktəbi də ötən il ərzində uğurla davam  etdirilmişdir.  
 
Hesabat ilində Avropa Gənclər Paytaxtı seçilmiş Gəncə şəhərində tələbələrə  güzəştlər təklif edən, onların asudə vaxtının səmərəli keçməsinə və şəxsi inkişafına  yönəldilmiş "1inci club” layihəsi start götürmüşdür. Hazırda yüzlərlə gənc bu klubun  üzvüdür.  Ötən il gənclərin asudə vaxtının səmərəli keçirilməsi üçün Mərkəzin Dağçılıq klubu  tərəfindən Heydər Əliyev zirvəsinə, Türkiyənin Qızılqaya zirvəsinə gənclərin yürüşü təşkil  olunmuş, müxtəlif rayonlarda gənclər arasında şahmat çempionatları, Qubada gənclərin  velosiped yürüşü, ekoloji turizm marşrutları və s. təşkil olunmuşdur.
 
Hesabat dinlənildikdən sonra F.Həsənzadə jurnalistlərin suallarını cavablandırmış,  2017-ci ildə həyata keçiriləcək bir sıra yerli və beynəlxalq layihə barədə məlumat vermişdir.
 
7News.az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ