Gənclər üçün Təhsil Mərkəzinin “Hüquq Klinikası” 3 aylıq hesabat verib.
Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə bildirib ki, Mərkəzə son 3 ay ərzində Ağcabədi, Bərdə, Yevlax rayonlarından və Mingəçevir şəhərindən 68 mülki iş daxil olub. Adları qeyd olunan regionları əhatə edən Hüquq Klinikalarımızın sosial işçiləri və hüquqşünasları tərəfindən Azərbaycan Respublikasının Mülki, Ailə və Cinayət Məcəllələrinin müvafiq maddələrinə uyğun hüquqi məsləhət verilib.
Bildirilib ki, müraciətlərin 30 faizi gənc ailələrdə birgə nikah dövründə qazanılmış əmlakın bölgüsü, həmçinin yetkinlik yaşına çatanadək saxlanması üçün atasından aliment tutulması ilə bağlıdır. Bunu əsas götürərək Mərkəz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə yaxın zamanda gənc ailələrə psixoloji yardım və erkən nikah proqramı istiqamətində tədbirlər planı həyata keçirəcək.
Qeyd edək ki, Gənclər üçün Təhsil Mərkəzi, UNİCEF-in Azərbaycandakı Ofisi, Avropa İttifaqı, Azərbaycan hökuməti, "Hüquq Dünyası" Hüquqi Təbliğat İctimai Birliyi və Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin birgə layihəsi olan "Azərbaycanda uşaqlar üçün ədliyyə mexanizmlərindən istifadənin dəstəklənməsi" layihəsinin əsas məqsədi regionlarda yuvenal ədliyyə sistemini inkişaf etdirmək. /SalamNews
7News.Az








