RU
Generalın qohumu imtahanlardan kəsilib
11:55
1146

Generalın qohumu imtahanlardan kəsilib

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Bakıda dava salmaqla gündəmə gələn İsa Əzizovla bağlı açıqlama yayıb.

Universitetdən 7News.Az-a verilən məlumata görə, İ. Əzivov UNEC-in Maliyyə və mühasibat fakültəsinin II kurs tələbəsidir.

“Tədrisin təşkili qaydalarına uyğun olaraq, tələbə dərsə davam edə bilir və növbəti kursa keçir. Gəlmədiyi dərslər qayb yazılıb. Davamiyyət limitini keçdiyinə görə avtomativ olaraq imtahana buraxılmayıb və kəsr yaranıb. Tələbə kəsr olan davamlı fənlərə növbəti semestrdə buraxılmayacaq”-deyə universitetdən bildirilib.

Qeyd edilib ki, İsa Əzizovun dərsə davamiyyəti və semestr nəticələri "0" olduğu üçün qış imtahan sessiyasındakı heç bir imtahana buraxılmayıb.

Xatırladaq ki, yanvarın 25-i saat 04 radələrində paytaxtın Tbilisi prospektində yerləşən yanacaqdoldurma məntəqəsinə gəlmiş avtomobilin sürücüsü və sərnişini ilə məntəqənin mühafizəçisi Sadiq Bağırov arasında mübahisə yaranıb. Nəticədə avtomobildə olanlar mühafizəçini döyərək hadisə yerini tərk ediblər.

Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Mahir İsgəndərov və İsa Əzizov müəyyən edilərək saxlanılıblar. Nəsimi rayon Məhkəməsində hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə İsa Əzizov və Mahir İsgəndərov barələrində 30 sutka inzibati həbs qərarı çıxarılıb. Təqsirləndirilən şəxslərdən İ. Əzizov məhkəmə qərarından apellyasiya şikayəti verib.

İsa Əzizovun Azərbaycan Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri, general-leytenant Məhərrəm Əliyevin qardaşı oğlu olması ilə bağlı məlumatlar yayılıb.

Məhərrəm Əliyevin qardaşı, deputat Adil Əliyev mətbuat açıqlamasında İsa Əzizovun qohumu olduğunu təsdiqləyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ