Son dövrlər ölkədə istehsal olunan içkilərin keyfiyyəti ilə bağlı müəyyən
irəliləyişlər olsa da, bəzi istehsalçılar hələ də alıcıları narazı salmaqdadır.
Daxil olan şikayətlərə
nəzərən demək olar ki, "Golden Water" MMC-nin məhsullarından da
narazılıqlar var. Məlumat üçün bildirək ki, "Golden Water" MMC
2003-cü ildən alkoqolsuz qazlı, qazsız içkilərin istehsalı ilə məşğuldur.
Şirkət iddia edir ki, məhsulları "Lider Cola", "Lider
Portağal", "Lider Duşes", kompotlar, cem və mürəbbələr Avropanın
qabaqcıl ölkələrinin müasir standartlara cavab verən avadanlıqlarında istehsal
edilir. Amma paytaxtın ən iri super marketlərində bu şirkətin məhsullarına rast
gəlinmir. Səbəb isə sadədir. Şikayətçilərin sözlərinə görə, Golden Water"
MMC-nin məhsulları reklam olunduğu qədər keyfiyyətli deyil. Məşhur brendin
adından istifadə edərək özlərinə müəyyən müştəri təbəqəsi toplasalar da, artıq
alıcılar da yalançı kolaya etibar etmirlər. Məhz, elə bu səbəbdən də son
dövrlər marketlərdə bu markadan olan məhsullara rast gəlinmir. Sadəcə olaraq,
ucqar dükanlarda rast gəlmək olar ki, onlarda da çeşid az olduğundan məcburən
alınır.
Sözügedən MMC-nin rəsmi saytından məlumat almaq istəsək də, cəmiyyəti
maraqlandıran hər hansı bir detal yoxdur. Saytda məhsulların istehsalı və
tərkibi barədə də hər hansı bir məlumat verilmir. Qurumun rəhbərinin kimliyi
isə dövlət sirri kimi saxlanılır. Çünki saytda qeyd olunan əlaqə nömrəsinə zəng
vursaq da, rəhbərlik barədə hər hansı bir məlumat ala bilmədik.
Amma araşdırma qrupu şirkət və onun məhsulları ilə bağlı ciddi informasiyalar
əldə edib. Detalları dəqiqləşdirdikdən sonra geniş məlumat veriləcək. Bu
şirkətin arxasında hansı oliqarxın dayandığı, vergi və digər məsələlərlə bağlı
məlumatı araşdırmamızdan sonra yayımlayacağıq./unikal.org
7news.az








