RU
Goranboydakı məktəblər qışa hazırdırmı?
20:48
1350

Goranboydakı məktəblər qışa hazırdırmı?

Əməkdaşlarımız Goranboyda yerləşən bir neçə orta məktəbdə qışa hazırlıq prosesini və ümumilikdə təhsil ocaqlarının hazırki vəziyyətini araşdırmağa çalışıb. Lakin reportaj zamanı çəkiliş qrupumuz əsassız qadağalarla qarşılaşıb. Qərəzli şəkildə TTV-nin kameralarını geri çevirən məktəb rəhbərliyi çəkiliş aparmağımıza mane olmaqla yanaşı, xoşagəlməz açıqlamaları ilə də yadda qalıb. Maraqlıdır, bəs mövzu bəllidirsə, kim və niyə qadağa tətbiq edir? Ətraflı əməkdaşımız Fuad Nazimoğlu süjetində məlumat verəcək.

Çəkiliş qrupumuzun üz tutduğu ilk məktəb rayonun Məşədiqaralar kənd orta məktəbi oldu. Sözügedən təhsil ocağı təzəcə istifadəyə verilsə də, deyəsən buradakılar qışa hazırlıq əvəzinə elə qış yuxusuna getməyi üstün biliblər. Əks halda belə bir sürprizlə qarşılaşmazdıq yəqin ki... Məktəbin girişində özünü məktəb ağsaqqalı kimi təqdim edən şəxs əməkdaşlarımızın önünü kəsərək çəkilişə icazə verilmədiyini bildirib. Niyə və nə üçün? sualına isə hədəf olaraq rayon Təhsil Şöbəsinin müdiri Ağababa İbrahimovun adını çəkdi. Öyrəndik ki, özünü "ağsaqqal" kimi qələmə verən bu adam məktəbin direktoru Xasay Qasımovdur.

Analoji vəziyyət digər məktəblərdə də davam edib. "Dırnaqarası qadağa" deyəsən qorxulu virus kimi bütün rəsmiləri yoluxdurub. Məktəbin əməkdaşları müxtəlif bəhanələr və əsassız qadağalarla həmkar "ağsaqqal"ın "siyası kursu"nu təkrarladı. Real görüntü əldə edə bilmədik. Lakin əngəllərə baxmayaraq məktəblərdəki şərait barədə informasiya əldə edə bildik. Uşaqlarını həmin məktəblərə yollayan valideynlər çətinliklər barədə danışmaq üçün bizi uyğun gördü. Dedilər ki, məktəblərin istilik təchizatı problemi rayonunu bütün kənd məktəblərində mövcuddur. O ki, qaldı müasir mərkəzləşdirilmiş istilik sistemlərinin quraşdırıldığı məktəblərə... Analoji vəziyyət burada da hökm sürür.

Baş verənlərdən sonra əməkdaşlarımız çəkilişə əngəl yaradan qadağa məsələsinə aydınlıq gətirmək üçün rayon Təhsil Şöbəsinə müraciət etdi. Təhsil Şöbəsinin müdiri Ağababa İbrahimov nədənsə müxbirimizlə görüşməyə vaxt tapa bilmədi. Gornaboyda fəaliyyət göstərən 79 orta məktəbdə 14 min şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 3600 pedaqoji heyət məşğul olur. Bəs, görəsən şagirdlərin sağlamlığını nəzəra almayan Rayon Təhsil Şöbəsi və orta məktəb direktorları hansı yüksək təhsil keyfiyyətlərindən danışa bilər?

Bəlkə danışmağa söz tapa bilmədikləri üçün, Kütləvi İnformasiya Vasitələri ilə görüşdən yayınır, problem yaradırlar. Hər halda KİV haqqında qanunvericilik və öz vəzifələrinin icrası istiqamətində səlahiyyətlərini bilməyən və ya bilərəkdən bütün bunları nəzərə almayan Goranboy Rayon Təhsil Şöbəsinin müdiri Ağababa İbrahimov və özünü "ağsaqqal" adlandıran məktəb direktoru Xasay Qasımov haqqında aidiyyatı qurumlar lazımı tədbirlər görəcək. Məsələnin qaranlıq qalan tərəflərinə aydınlıq gətirənədək mövzuya təkrar qayıdacağıq./ttv.az

7news.az

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ