Bu gün Bakı Apellyasiya Məhkəməsində sabiq millət vəkili Gülər Əhmədovanın ölkədən çıxışına qoyulan qadağanın götürülməsi ilə bağlı apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.
Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
Yasamal rayon məhkəməsinin qərarı ləğv edilib. G.Əhmədovanın şikayəti qismən təmin edilib. Onun cərrahiyyə əməliyyatı üçün 3 ay müddətinə ölkədən çıxışına icazə verilib.
Xatırladaq ki, G.Əhmədovanın şərti məhkumluğu ilə əlaqədar sınaq müddətinin başa çatmasına 10 ay qalıb. Keçmiş deputat 8 aylıq icazə istəyir. Prokuror apellyasiya şikayətinin təmin olunmamasını istəyib.
***
Eks-deputat qərardan tam razı qalmayıb: "Qərar məni tam qane etmədi. Amma bu fürsətdən istifadə edəcəyəm. Çünki xəstəliyim çox ağırdı. Bu vaxtın çoxu viza almaq prosedurlarına sərf olunacaq. Buna görə də qərardan kassasiya şikayəti vermək və vaxtın uzadılması üçün Yasamal rayon məhkəməsinə müraciət etmək barədə düşünəcəyəm".
***
Gülər Əhmədova Elşad Abdullayevlə əlaqələrindən də danışıb:
"Onun mənimlə heç bir problemi yox idi. Olsaydı, 2005-ci ildə olan hadisədən keçən 7 il ərzində mənə heç olmasa zəng edərdi. Istintaqda da bilindi ki, o adam heç vaxt müraciət etməyib. İndi kimsə bir adama 100 manat verəndə, bir həftədən sonra geri istəyir. Absurd bir şeydir ki, kiməsə pul verəsən, sonra da istəməyəsən. Hamı çox gözəl bilirdi ki, bu nə oyunlar idi və kimlər oynayırdı. Mən çox şükür edirəm ki, mənimlə bu oyunu oynayanlar indi Azərbaycan siyasətində və ictimaiyyətində yoxdular"./qafqazinfo
7News.Az








