7News.az xəbər verir ki, mərasimdə neftçilər, Pirallahı rayonu rəhbərliyi, faciə qurbanlarının doğmaları, ictimaiyyət nümayəndələri, Çilov adasının sakinləri iştirak ediblər.
Tədbirdə çıxış edən SOCAR prezidenti Rövnəq Abdullayev təbiətin amansız qüvvələri ilə qeyri-bərabər mübarizədə canlarını qurban vermiş neftçilərin adının Azərbaycan neft sənayesi tarixinə əbədilik həkk olunduğunu söyləyib, dəniz neftçilərinin əmək fəaliyyəti zamanı daim təhlükələrlə üzləşdiklərindən danışıb: "Təcrübəmdən bilirəm ki, neftçilərinin əməyinin ikiqat qəhrəmanlıq olması gəlişigözəl söz deyil, bu, bir həqiqətdir. Çünki dənizdə neftçinin hər günü mərdlik, igidlik, rəşadət nümunəsidir”. 1957-ci ildə 21 nəfər, 2015-ci ildə 30 nəfər neftçinin dənizdə həmişəlik qərq olduqlarını xatırladan SOCAR prezidenti Xəzərin neftçi ruhunu, neftçi əzmini sındıra bilmədiyini vurğulayıb.
R. Abdullayev 4 dekabr faciəsinin bütün neftçilərin, xüsusilə dəniz neftçilərinin ümumi kədəri olduğunu söyləyib: "Amma biz nikbinik. Nikbinik ona görə ki, bizim yoldaşlarımız, silahdaşlarımız Vətənin rifahı üçün çalışıb, şərəflə yaşadılar, adlarını Azərbaycanın qəhrəmanlıq tarixinə yazdılar. Neftçilərimizin xatirəsi hamımız üçün əzizdir, doğmadır. Bu gün açdığımız bu abidə də onların ruhu qarşısında bizim vəfa borcumuzdur. Bu abidə bizim and yerimiz, ziyarət yerimiz olacaq”.//apa



7News.az








