Gürcüstanda Gəlirlər Xidmətinin Gömrük Departamentinin "Qırmızı Körpü" gömrük-keçid məntəqəsinin növbə rəisi külli miqdarda rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.
Bu barədə Aktual.ge məlumat yayıb. Bildirilib ki, təqsirləndirilən şəxs xidməti vəzifəsini icra edərkən bir vətəndaşa 200 min ABŞ dollarını məcburi bəyan etmədən Gürcüstana gətirməsinə kömək edəcəyini vəd edib. Bu himayə müqabilində dövlət məmuru hər belə hal üçün 8 min ABŞ dolları məbləğində rüşvət tələb edib.
İstintaq Xidmətinin əməkdaşları təqsirləndirilən şəxsi əvvəlcədən tələb etdiyi məbləğin bir hissəsini - 4 min ABŞ dollarını aldığı zaman saxlayıblar.
Qurumun məlumatına görə, məhkəmə qərarı əsasında həyata keçirilən gizli istintaq tədbirləri nəticəsində cinayət əməlini təsdiqləyən audio və video sübutlar əldə edilib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin ikinci hissəsinin "b" bəndi ilə istintaq aparılır. Həmin maddə 7 ildən 11 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.








