RU
`Gürcüstanla əlaqələrimiz yüksək səviyyədədir`
13:36
717

`Gürcüstanla əlaqələrimiz yüksək səviyyədədir`

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan Gürcüstanın xarici işlər naziri Mixail Canelidzeni qəbul edib.

7News.Az-ın görüş əvvəlcə təkbətək, daha sonra geniş formatda baş tutub. Nazirlərin görüşü zamanı iki ölkə arasında mövcud olan münasibətlər, enerji layihələri və nəqliyyat sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Geniş tərkibli görüşdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi barədə danışılıb, onun Şərqlə Qərb arasında regional əlaqəni təmin edən bir xətt olduğu bildirilib. Görüşdə ikitərəfli münasibətlərdən də danışılıb. “Bizim Gürcüstanla əlaqələrimiz strateji əməkdaşlıqdan daha üstün səviyyədədir”, - deyə nazir Məmmədyarov qeyd edib.

XİN rəhbəri əlavə edib ki, Azərbaycan və Gürcüstan digər sahələrdə olduğu kimi turizm sahəsində də əməkdaşlığı gücləndirəcək: “Müzakirə olunan məsələlərdən biri də sərhədlərin delimitasiyasıdır. Ümumilikdə Azərbaycan Gürcüstan arasında 480 kilometr sərhəd var və onun 314 kilometri razılaşdırılmayıb.

Tərəflər arasında sərhədlərin delimitasiyası məsələsi ilə bağlı gürcüstanlı ekspertlər Azərbaycana gələcək və bu məsələ müzakirə olunacaq. Yaxın vaxtlarda, həmçinin Azərbaycan - Gürcüstan hökumətlərarası komissiyasının iclası keçiriləcək”.

O bildirib ki, enerji sahəsində əməkdaşlıq dərin və genişdir: “Biz enerjidən başqa nəqliyyat məsələlərinə də toxunduq. Gürcüstanda olanda Bakı-Tbilisi-Qars dəmir yolunun tikinti sahəsinə getmişdik. Bu dəhliz çox önəmlidir, Azərbaycan və Gürcüstanın milli maraqlarına uyğundur. Layihə iki ölkə iqtisadiyyatının güclənməsinə və əməkdaşlığa təkan verəcək”. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ