Amerika Birləşmiş Ştatlarının Mərkəzi Bankı FED-in uçot dərəcəsini qaldırması ilə bağlı ehtimalları getdikcə artır.
Qurumun Sent-Luis sədri Ceyms Bullardın bir neçə gün öncə verdiyi açıqlamalar belə deməyə əsas verir. Bullard bildirib ki, yay aylarında faiz (%) artımının olması tam qanunauyğundur.
Hazırda dünya iqtisadiyyatı tədricən stabilləşməyə doğru gedir. Digər valyutalara nisbətdə dolların dəyəri artsa da, manata təsiri hiss olunmur.
Yay aylarında qəbul olunması gözlənilən bu qərarın manatın talayinə təsiri olacaqmı?

Bununla bağlı iqtisadçı Samir Əliyev bildirdi ki, Uçot dərəcəsinin qaldırılması dolların digər valyutalara nisbətdə bahalaşmasına gətirib çıxaracaq:
“FED bu addımı atarsa, dollar bahalaşacaq. Dolların bahalaşması isə xammal bazarına təsir göstərəcək. Bu, həm də inkişaf etməkdə olan ölkələrdəki kapitalın Amerikaya axınına zəmin yaradacaq. Təsadüfi deyil ki, Çin Uçot dərəcəsinin artımının fəsadlarını azaltmaq üçün öz milli valyutası olan Yuanı bir neçə dəfə devalvasiya etdi.
Təbii ki, Uçot dərəcəsinin artırılması Azərbaycana da təsirsiz ötüşməyəcək. Yəni, ən az nəzəri cəhətdən bunun təsiri olmalıdır. Amma praktiki baxımdan Azərbaycana təsiri çox zəif ola bilər. Ona görə ki, əgər Manat real olaraq “Üzən məzənnə” kursunda olsaydı, FED-in qərarı manatı ucuzlaşdıracaqdı. Amma Azərbaycanda Manatın məzənnəsi inzibati yolla müəyyən edilir. Ona görə də, FED-in bu addımı Azərbaycanda hiss olunmayacaq.
Samir Əliyev həmçinin qeyd etdi ki, Azərbaycanda yaxın dövrdə, xüsusilə də yay aylarında Manatın güclü ucuzlaşması ehtimal olunmur:
“Düşünürəm ki, manat üçün 1.50-1.60 məzənnəsi ən azı yay aylarında qorunub saxlanacaq”./atv.az
7News.Az








