RU
Hacı Talehin adamı Nardarandan avtomat çıxarıb
13:28
1177

Hacı Talehin adamı Nardarandan avtomat çıxarıb

“Onu gizlətməyimi xahiş etdi”.

Hacı Tale Bağırzadənin rəhbərlik etdiyi ekstremist “Müsəlman birliyi hərəkatı”nın üzvü Daxili Qoşunlar tərəfindən əhatəyə alınmış Nardaran qəsəbəsindən “Kalaşnikov” avtomatı çıxarıb.

Bu barədə saytına hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat verilib.

Məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 1989-cu il təvəllüdlü Mötəbər Qılman oğlu Babayevi də saxlayıblar. M.Babayevin 26-29 noyabr Nardaran hadisələrində iştirak etdiyi sübut olunub.

Məlum olub ki, mühasirədəki Nardarandan avtomat silahı və güllə darağını məhz M.Babayev çıxarıb. O, silahı və patronları Sabirabadın Xankeçən kəndinin yaxınlığındakı kolluqda gizlədibmiş. Polis silahı orada aşkarlayaraq götürüb.

M.Babayev ilkin istintaqa ifadəsində noyabrın 26-dan etibarən Nardaranda olduğunu etiraf edib:

“Rövşən adlı inanclı qardaşlardan biri mənə avtomat verib onu gizlətməyimi xahiş etdi. O, polislərin Nardaranda hər evi axtardıqlarını və silahın ələ keçəcəyindən qorxduğunu dedi”.

M.Babayevin silahı Nardarandan necə çıxarmasına gəlincə isə məlum olub ki, noyabrın 29-da qəsəbədə toplaşanlara xəbərdarlıq edilib. Bildirilib ki, Nardaran sakinləri olmayanlar qəsəbəni tərk etsin. Kənd ağsaqqalları isə hüquq-mühafizə orqanları əməkdaşlarından kənardan gələn adamların qəsəbədən çıxışına mane olmamağı və maneəsiz çıxış üçün onlara avtobus ayırmağı xahiş ediblər. Bu xahiş yerinə yetirilib. M.Babayev silahı Nardarandan elə həmin avtobusda da çıxarıb.

O da məlum olub ki, ekstremist “Müsəlman birliyi hərəkatı” internet və sosial şəbəkələr vasitəsilə gəncləri Nardarana gedib oradakılara dəstək verməyə çağıranda M.Babayev Gəncədə olub.

“Müsəlman birliyi hərəkatı”nın ekstremist əhval-ruhiyyəli digər üzvlərinin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları noyabrın 26-da Nardaranda Tale Bağırzadənin və onun davamçılarının saxlanması üçün xüsusi əməliyyat keçirib. Ekstremist islamçılar bu zaman polisə silahlı müqavimət göstərib. Silahlı insident nəticəsində ikisi polis olmaqla 7 nəfər ölüb. T.Bağırzadə və daha 14 radikal islamçı həbs olunub./virtualorg

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ