RU
18:15
571

"Hamı əsgər deyil, lakin döyüşçüdür" - VİDEO

Azərbaycan 30 ildir ki, müharibə şəraitindədir. Atəşkəs elan edilsə də, işğalçı Ermənistan təxribatlarından əl çəkmir. Mütəmadi olaraq təmas xəttində gərginlik yaradan düşmən çirkin yalanlarından qalmır, hər vasitə ilə ölkəmiz haqqında dünyada yalnış imic formalaşdırmağa çalışır.

7News.az xəbər verir ki, məsələ ilə bağlı ARB 24 telekanalı geniş reportaj hazırlayıb.

Eyruz Məmmədov - media üzrə ekspert: "Bu yaxınlarda Moskvada əlimə dünyanın 50 dövləti haqda kitab keçmişdi. Təsəvvür edirsiz, orada Azərbaycan və Ermənistan haqda nə yazılmışdı? Azərbaycan - Orta Asiyadan köçüb gəlmiş tayfalar. Ermənistan haqqında isə yazılmışdı ki, Ermənistan - 1000 illik tarixi olan Ermənistan Qafqazda yaranıb".

Bu, ermənilərin yalan təbliğatının yalnız bir hissəsidir. Göründüyü kimi, döyüş yalnız səngərdə deyil, informasiya aləmində də baş verir. Bəs bu yalanları necə ifşa etməliyik? Düşmənə qarşı informasiya müharibəsini necə aparmalıyıq?

Eyruz Məmmədov: "Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün təkcə öz dilimizdə yazmamalıyıq. Öz dilimizdə yazıb, özümüz oxumamalıyıq, veriliş çəkib, özümüz baxmamalıyıq. Digər dillərə tərcümələr olunmalı, xarici dillərdə sənədli filmlər çəkilməli, kitablar nəşr olunmalıdır. Dünyada Azərbaycan haqqında ictimai fikir formalaşmalıdır".

Ekspertin fikrincə, Azərbaycan həqiqətlərinin təbliğatı kampaniya xarakteri daşımamalıdır. Bu, daimi proses olmalıdır. İnformasiya müharibəsi həm də xüsusi diqqət tələb edən məsələdir. Burada düşmən dəyirmanına su tökmək olmaz.

İlkin Ağaoğlu - İKT üzrə mütəxəssis: "Bizim öz sosial məkanımızda hər hansı bir vətəndaşımızın problemi varsa, bunu qabardanda da elə qabartmalıyıq ki, qarşı tərəf bunu xoş qəbul edib daha da genişləndirməsin".

Elə buna görə də bu sahədə ümumi bir strategiya qəbul edilməli, ciddi nəzarət olmalıdır. Mütəxəssislər bu fikirdədirlər.

 

Ramil Süleymanov - İKT üzrə beynəlxalq ekspert: "Bilavasitə bu proseslərə nəzarət edən qurum olmalıdır. Bu qurum ictimai əsasla işləyən bir qurum olmalı deyil, xüsusi bir nəzarət qurumu olmalıdır".

İnformasiya müharibəsində milli maraqlar hər an öndə durmalıdır. Kiminlə hansı məqsəddən ötrü mübarizə apardığımızın fərqində olmalıyıq.

Elçin Abdullayev - politoloq: "Dövlətçilik şüuruna hakim kəsilə bilsək, o zaman bütün informasiya müharibələrində qalib gələ bilərik. Xüsusən də hesab edirəm ki, informasiya müharibəsi Azərbaycan cəmiyyətində açar rolu oynamalıdır".

Etiraf edək ki, bu açar hər birimiz üçün əlçatandır. Çünki ölkə vətəndaşlarının internetə çıxışında heç bir məhdudiyyət yoxdur. Məşhur xarici KİV-lərin forumu, youtube saytı, vikipediya və digər sosial şəbəkələrdən istifadə edib həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırmalıyıq. Çatdırmalıyıq ki, düşmənə qarşı informasiya müharibəsində də qalib gələk.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ