RU
Hansı rayonlar dövlət büdcəsindən
17:53
766

Hansı rayonlar dövlət büdcəsindən "yeyir"?

“Bir çox rayonları öz xərclərini gəlirləri sayəsində ödəməyə təhkim etmək olar”.

Bunu iqtisadçı Pərviz Heydərov bildirib.

Onun sözlərinə görə, hökumətin iqtisadi siyasətində strateji məqsədlərdən birini regionların - ayrı-ayrı rayonların və yaxud bölgələrin mərkəzdən iqtisadi və maliyyə asılılığına tədricən son qoymaq təşkil edir: “Bu, çox zəruri və həll edilməsi olduqca vacib sayılan məsələdir. Belə ki, Azərbaycanımızın bir çox rayonlarının zəngin iqtisadi potensialı var. Üstəlik, son illər ərzində bütün rayonlarda müasir infrastrukturlar yaradılıb, çoxlu sayda zavod və fabriklər, istehsal obyektləri tikilib. Bütün bunların müqabilində isə mərkəzdən dotasiya təbii ki, azalmalıdır”.

İqtisadçı qeyd edib ki, 2016-cı ilin dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlər 766,3 milyon manat proqnozlaşdırılır ki, bu da cari ildəkindən 8,2 % azdır: “Ümumiyyətlə, növbəti ildə rayon və şəhərlərin vergi potensialının artırılması, onların ərazilərində fəaliyyət göstərən və mərkəzləşdirilmiş qaydada vergi uçotunda olan vergi ödəyicilərinin dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərinə ödəyəcəkləri vergi və digər ödənişlərin tam məbləğdə rayon və şəhərlərin yerli gəlirlərinə daxil edilməsi planlaşdırılır. Bu da onu göstərir ki, 2016-da yerli xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan maliyyə yardımının - dotasiyanın yerli xərclərin tərkibində xüsusi çəkisi 50,3 % təşkil edəcək. Bu, cari illə müqayisədə 5,4 % azdır”.

Pərviz Heydərov əlavə edib ki, 2016-cı ildən Bakıdan savayı, Sumqayıt, Mingəçevir və Şirvan şəhərləri, Abşeron, İmişli rayonları, o cümlədən Naftalan şəhəri xərclərini öz gəlirləri hesabına təmin edəcək: “Ancaq ölkəmizdə digər bir sıra rayonların da bu sahədə imkanları böyükdür. Sözün qısası, yerlərdə xüsusən kiçik və orta sahibkarlığı inkişaf etdirməklə, yeni-yeni rəqabətqabiliyyətli istehsal obyektlərinin yaratmaqla, o cümlədən, xidmət və turizm sahələrini inkişaf etdirməklə daha bir çox rayonları öz xərclərini gəlirləri sayəsində ödəməyə təhkim etmək olar. Bu, həm vəsaitlərdən istifadədə qənaətə, maliyyə intizamına, büdcə vəsaitlərindən ölkənin inkişafı üçün daha dolğun istifadəsinə yol açacaq”./atv

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ