“Dünən Azərbaycan prezidenti İlham Əliyev Sergey Lavrovu qəbul edib, görüşdə intensiv müzakirələr aparılıb”.
Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında deyib.
XİN rəhbərinin sözlərinə görə, Lavrovun prezident İlham Əliyevlə görüşü zamanı müzakirələr konkret mövzular ətrafında gedib. Müəyyən irəliləyişlərin olması istiqamətində müzakirələr olub: “Müzakirələrin məqsədi Dağlıq Qarabağ münaqişəsi tərəflərinin mövqelərinin yaxınlaşması istiqamətində irəliləyişlərə nail olmaqdır. Hazırda intensiv dialoq, hətta trialoq formatındayıq. Minsk qrupu həmsədrləri fəal şəkildə müzakirələrdə iştirak edirlər.
Müzakirələrin məqsədi hələ də razılaşdırılmamış məsələlər ətrafında irəliləyişə nail olmaqdır. Bu məsələləri addım-addım həll etməliyik ki, qlobal təhlükəsizliyə təhdid təşkil edən münaqişəni həll edək. Görüşdə ikitərəfli münasibətləri də müzakirə etmişik. Bu, strateji əhəmiyyət kəsb edən münasibətlərdir”.
Nazir bildirib ki, iki ölkə arasında hökumətlərarası komissiyanın iclası keçiriləcək: “Bununla yanaşı, bir müddət əvvəl İran, Azərbaycan və Rusiya XİN başçıları toplaşaraq üç ölkə prezidentinin görüşü barədə müzakirə aparıblar. Hər üç ölkə “Cənub-Şimal" dəhlizinin inkişafı ilə bağlı müştərək fikrə malikdirlər. Bu, geniş potensiala malik dəhlizdi”.
7News.Az








