“Bəzi ermənipərəst beynəxalq təşkilatlara Xədicənin çıxması o qədər də sərf eləmir”
Azərbaycan dövləti bu günlərdə atmış olduğu humanist, insan hüquq və azadlıqlarına dəyər verən addımları ilə yenidən dünyanın diqqət mərkəzindədir. Belə ki, Heydər Əliyev Fondunun Prezidenti, YUNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın parlamentə təqdim etdiyi amnistiya aktından sonra daha bir humanist addım atıldı. Belə ki, mayın 25-də vergi cinayətlərinə görə, həbs olunmuş Xədicə İsmayıl azadlığa buraxıldı. Düzdür, radikal düşərgə Xədicə İsmayılın azadlığa buraxılmasına özünəməxsus şəkildə münasibət bildirsə də, ancaq reallıq ondan ibarətdir ki, bu Azərbaycanın insan hüquq və azadlıqlarına verdiyi önəmin sübutudur. Təsadüfi deyil ki, hakim Yeni Azərbaycan Partiyası da məsələyə bu prizmadan yanaşıb. Partiyanın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib ki, Xədicə İsmayılın şərti cəza ilə azadlığa çıxması adi haldır. Bunu Azərbaycanın hüquq-mühafizə orqanlarının humanist siyasətinin nəticəsi hesab etmək olar. YAP rəsmisi vurğulayıb ki, X.İsmayılın şərti cəza ilə azadlığa buraxılması şouya çevrilməməlidir. Bəs görəsən Xədicə İsmayılın azadlığa buraxılmasını öz siyasi məqsədləri üçün istifadə edənlərin başlıca məqsədi nədir? Eləcə də Azərbaycanın bir birinin ardınca nümayiş etdirdiyi humanist prinsiplər beynəlxalq təşkilatların bundan sonrakı dönəmlərdə ölkəmizlə bağlı mövqelərinə nə dərəcədə təsir göstərəcək? Bu və ya digər məsələlərlə bağlı Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Analitik Mərkəzinin rəhbəri, siyasi təhlilçi Azər Verdiyevlə söhbətləşdik.
-Azər müəllim, ötən gün Xədicə İsmayıl məhkəmə zalından azadlığa buraxıldı. Bu addım Azərbaycan dövlətinin insan hüquq və azadlıqlarına hörmətlə yanaşdığının daha bir göstəricisi deyilmi?
-Bu barədə artıq hakim Yeni Azərbaycan Partiyasınddan rəsmi mövqe bildirilib. Mənim də mövqeyim demək olar ki, tamamilə eynidir. Həbsdə olan hər bir Azərbaycan vətəndaşı dövlətimiz üçün önəmlidir. Onların biri hansısa məqama görə digərindən üstün tutulmur. Xədicə İsmayıl da vergi cinayətinə görə həbs olunmuşdu. İndi azadlığa çıxdı. Bu yaxınlarda isə 10 min nəfərlik amnistiya təklifi irəli sürməklə Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva sözün hər mənasında dünyaya hümanizmin Azərbaycan modeli mesajını verdi.
-Amnistiya aktından sonra Xədicə İsmayılın azadlığa buraxılması beynəlxalq təşkilatlar tərəfindən nə dərəcədə müsbət, humanist bir addım kimi dəyərləndiriləcək?
-Bəzi ermənipərəst beynəxalq təşkilatlara Xədicənin çıxması o qədər də sərf eləmir. Məsələ ondan ibarətdir ki, son 6 ayda Azərbaycanda 4 mindən çox insan əfv edilib və ediləcək. Belə bir humanizm modeli heç Birləşmiş Ştatlarda da yoxdur. Ancaq bəzi bizimlə əməkdaşlıq edən, strateji təşkilatlar var ki, bu onların hesabatına ciddi şəkildə təsir edəcək.
-Bütün bunlar müəyyən beynəlxalq təşkilatların gələcək hesabatlarında əvvəlki illərdə olduğu kimi Azərbaycana qarşı qərəzli yanaşmanı bir qədər azaldacaqmı?
-Burada söhbət bəzi beynəlxalq və regional təşkilatlardan gedir. Məsələ ondan ibarətdir ki, bu bəzi beynəlxalq təşkilatlar sifarişli fəaliyyət sistemini qurublar. Artıq onların erməni lobbiləri tərəfindən maliyyələşdirildiyi də heç kimə sirr deyil. Bu mənada müəyyən təzyiqlər, qərəzli hesabatlar çox güman ki, yenə olacaq. İnsan faktoru da olmasa, ən azından bir-iki ölmüş heyvan cəmdəyi ilə bağlı hesabatlar olacaq. Eyni zamanda Bakıda keçiriləcək Formula-1 yarışları ilə bağlı da çox güman ki, qarayaxma kampaniyası olacaq.
-Xədicə İsmayılın bundan sonra islah olunacağına zəmanərt varmı?
-Bunu əslində zaman göstərəcək. Xədicə İsmayil birmənalı şəkildə ölkənin beynəlxalq aləmdəki nüfuzunu xərcləməklə məşğul idi. Hesab edirəm nəinki Xədicə, hər bir vətəndaş ilk növbədə öz ölkəsinin strateji maraqlarına xidmət etməlidir.
-Bu arada Əli Kərimlinin Xədicə İsmayılın azad olunması münasibətilə Azərbaycan xalqını təbrik etməsi nə dərəcədə məntiqlidir?
-Azərbaycan siyasətində Əli Kərimli faktoru bir neçə il öncə dəfn edilib. Lakin həqiqət bundan ibarətdir ki, tutulma səbəbindən asılı olmayaraq nə qədər çox jurnalist, QHT nümayəndəsi həbs olunsa, bir o qədər də xaricdən maliyyə vəsaiti artırılır. Həbsdən çıxan hər bir “fəala” görə Əli Kərimli sözün hər mənasında stress keçirir. Xədicənin azadlığa çıxmasına isə Əli Kərimlinin reaksiyası biabırçı olub. Hiss olunur ki, Kərimlinin bir sıra planları alt-üst oldu.
7News.Az








