RU
Həbsxana yoldaşını öldürüb, şalvarını çıxaran ağdamlıya hökm oxundu
02:15
11669

Həbsxana yoldaşını öldürüb, şalvarını çıxaran ağdamlıya hökm oxundu

“Bunu istəyirdin, Zahid?”.

Bakı Аpellyasiya Məhkəməsində Ağdam rayon sakini Malik Xoştərovun (1960-cı il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bu il iyunun 13-ü saat 14 radələrində Malik Xoştərov uşaqlıqdan tanıdığı Zahid Abbasovla (1958-ci il təv.) “Neftçilər” metrostansiyasının yaxınlığında görüşərək, sonuncunun dəvəti ilə nahar etmək üçün yaşadığı Xətai rayonu, Neapol küçəsi, 43 ünvanında yerləşən peşə liseyinin yataqxanasına yollanıblar.

Ora gedərkən mağazadan araq alıblar, evdə yeyib-içəndən sonra Zahidin təklifi ilə kafedə pivə içiblər. Oradan yenidən Abbasovun evinə qayıdaraq yemək yeyiblər, saat 22 radələrində oturub televizora baxarkən Zahid otaqdan çıxıb və bir neçə dəqiqədən sonra geri qayıdaraq, əsaslı səbəb olmadan ünvanına nalayiq ifadələr işlədib.

Onun sifətinə başı ilə zərbə vuraraq, əl və ayaqla xəsarətlər yetirib. Onun hərəkətlərindən hiddətlənən Malik Xoştərov masanın üstündən mətbəx bıçağını götürüb, Zahidə ardıcıl zərbələr endirərək, onu qəsdən öldürüb və çıxıb gedib. Səhərisi gün saat 12-də arvadı və oğlu ilə sağollaşan Xoştərov könüllü Xətai RPİ 34-cü polis bölməsinə gələrək, təslim olub.

Təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Z.Abbasovun ölümünə sol ağciyərin və ürəyin zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə səbəb olub. Meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 2,5% qatılığında etil spirti aşkar edilib ki, bu miqdar canlı şəxslərdə ağır dərəcəli sərxoşluq əlamətlərinə aid olub.

Araşdırma zamanı hər iki şəxsin əvvəllər məhkum olunması məlum olub. 2009-cu ildə Ağır Cinayətlərə dair işlər üzrə Məhkəmənin hökmü ilə CM-nin 126.2.4-cü (ümumi təhlükəli üsulla qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilən M.Xoştərov 7 il müddətinə azadlıqdan məhrum olunub, 2013-cü ilin oktyabr ayında Azərbaycan Respublikası Prezidentinin əfv fərmanı ilə vaxtından əvvəl cəza çəkməkdən azad edilib. Azadlığa çıxandan sonra Malik Xoştərov fəhlə kimi əmək fəaliyyəti ilə, mərhum Zahid Abbasov isə idarə etdiyi “Azsamand” markalı avtomaşında taksi fəaliyyəti ilə məşğul olub.

Məhkəmə prosesində Malik Xoştərov ittiham üzrə özünü təqsirli hesab edərək Zahid Abbasovu Ağdam şəhərində yaşadığı vaxtdan tanıdığı və aralarında normal münasibətlərin olduğunu bildirib. Daha sonra onunla bir daha 11 saylı cəzaçəkmə müəssisəsində görüşüb, azadlığa çıxandan sonra Zahid də azadlığa çıxıb və onlar bir neçə dəfə şəhərdə görüşüblər.

İyunun 13-də Zahid ona zəng edərək “Neftçilər” metrostansiyasının yaxınlığında taksi kimi fəaliyyət göstərdiyi yerə dəvət edib. Oradan Abbasovun evinə yollanıblar və yemək yeyərkən bir şüşə araq içiblər, Zahid soyuducudan ikinci arağı çıxardıqda Malik “28 may” metrosuna tərəf getməli olduğunu və daha içmək istəmədiyini deyib.

Bundan sonra o, Zahidlə birlikdə dəqiq hara getdiyini və ya nə etdiyini xatırlamadığını bildirib. Tanışı haradansa ötürdüyü zaman onu tək qoyub, getməməsini bildirdiyi üçün, yenidən Abbasovun evinə qayıdıblar. Oturub televizora baxarkən Zahid çölə çıxıb və 5 dəqiqədən sonra əlində iri bıçaqla üstünə cumub, öldürmək istəyib, bunu görən Malik onu qucaqlayıb və yalvarmağa başlayıb.

Abbasov əllərinin tutulduğunu görərək onu başı ilə vurub və bu səbəbdən Xoştərovun burnunun üstü qanayıb. Bundan sonra Zahidin bıçağını sol əlindən alaraq böyür hissəsindən vurub, onu neçə dəfə vurduğunu xatırlamayıb.

“Bunu istəyirdin, Zahid?” deyib, otaqda yemək yedikləri stolu tərsinə çevirərək onun üstünə atıb. Həddindən artıq əsəbi olduğuna görə, Zahidin şalvarını çıxaran Malik ona bıçaqla daha 1 zərbə endirmək istəyib, amma sonra bunu etməyib:

“Fikirləşdim ki, ayıbdır, həm ağdamlıdır, həm də bir yerdə çörək kəsmişik".

Xoştərov hadisə yerini tərk edərək taksi ilə evə gedib, səhərisi gün ailə üzvləri və tanışları ilə görüşərək, könüllü bölməyə gəlib. Onun sözlərinə görə, hadisənin şahidi olmayıb və onu heç kim görməyib.

Zərərçəkmişin hüquqi varisi qismində tanınaraq dindirilmiş Cahid Abbasov bildirib ki, balaca qardaşı Zahid narkotik vasitəsinə görə 7 il müddətinə azadlıqdan məhrum olunub. Cəzaçəkmə müəssisəsində olarkən arvadı ondan boşanıb və o, azadlığa çıxdıqdan sonra ona kiçik bir otaq ayırıblar. Zahid spirtli içki aludəçisi olub, bu səbəbdən onlar çox ünsiyyət saxlamayıblar. Ayın 14-də keçmiş arvadı onunla telefonla əlaqə saxlayaraq Zahidin öldürüldüyünü bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən məhkum apellyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.

Bakı Apellyasiya Məhkəməsi işi araşdıraraq M.Xoştərovun şikayətini təmin etməyib.

7news.az

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ