Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Goranboy və Xocalı rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə xocalıların məskunlaşdığı Aşağı Ağcakənd qəsəbəsində Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar "Xocalı yol gözləyir" devizi altında faciə qurbanlarının kütləvi anma mərasimi keçirilib.
7News.Az xəbər verir ki, relyef etibarı ilə Xocalını xatırladan təpədə Əməkdar incəsənət xadimi polkovnik Abdulla Qurbaninin ssenari və rejissorluğu ilə reallaşan teatrlaşdırılmış kütləvi mərasimi yüzlərlə Goranboy və Xocalı sakini, eləcə də hərbi qulluqçular izləyiblər.
Hərbiçilərin və döyüş texnikalarının cəlb edildiyi tədbirdə 24 il əvvəl fevralın 26-na keçən gecə qədim Azərbaycan şəhəri Xocalıda törədilmiş, bəşər tarixində ən dəhşətli qətliyamlardan olan faciədən səhnələr canlandırılıb. Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblı üzvlərinin, Gəncə Dövlət Dram Teatrı aktyorlarının, eləcə də Goranboy rayon Mədəniyyət və Turizm şöbəsi birləşmiş özfəaliyyət kollektivlərinin iştirakı ilə bir-birindən təsirli səhnələr təqdim olunub.

















